Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu məlumatı bu gün, avqustun 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib: “İndiyədək Azərbaycanda ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir” Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 711 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.