Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli və həyat yoldaşı Samara Seyidova özlərinin və mənzillərinin güdülməsi, rabitə xidmətlərinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət etsə də, onların şikayətinə baxılmır. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi də bu məsələdə AXCP sədri və həyat yoldaşına “yox” cavabı verib. Ə.Kərimli və S.Seyidova Daxili İşlər Nazirliyi (DİN) Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Dövlət Mühafizə Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” mobil operatorunu və “Azqtel” MMC-dən (internet xidməti göstərən şirkət) Səbail rayon Məhkəməsinə şikayət etmişdi. Amma məhkəmə iyunun 10-da qəbul etdiyi qərardadla onların şikayətinə baxmaqdan imtina edib.
Həmin qərardan da apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova birinci instansiya məhkəməsinin qərarını haqlı sayıb, şikayəti təmin etməyib. Qərardadda şikayətə baxılmaması belə əsaslandırılıb ki, bir neçə quruma qarşı bir-birilə əlaqəli olmayan tələblər irəli sürülüb. Ə.Kərimli bununla razılaşmır. “Bu qərardad ifrat dərəcədə qanunsuz və ədalətsizdir.
Cavabdehlərin hər birinə qarşı tələblər də, onların yol verdiyi pozuntular da aydın göstərilib", - AXCP sədri apellyasiya şikayətində göstərib. Ə.Kərimli hesab edir ki, bununla həm də onun və ailə üzvlərinin məhkəməyə çatımlılıq hüququ pozulur. Bu qərardaddan Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. Ə.Kərimli bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət verəcək.
Buna da bax: Məhkəmə Ə.Kərimli və xanımının internet şikayətinə baxmaqdan imtina etdi