Həyat yoldaşı həbsdəki jurnalistin aclıq etdiyini deyir

Polad Aslanov, arxiv foto

“Xeberman.com” saytının rəhbəri, dövlətə xəyanətdə suçlanan Polad Aslanov-un aclıq aksiyasına başladığı bildirilir. Bu barədə AzadlıqRadiosu-na onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

"Yalnız su qəbul edir"

Həyat yoldaşı deyir ki, P.Aslanov avqustun 5-dən aclıq etməyə başlayıb:

“Yalnız su qəbul edir. Aclıq etməsinin səbəbi isə saxta ittihamla 1 il 2 aydır həbsdə saxlanması, istintaq kimi, məhkəmənin də qərəzli, qeyri-obyektiv aparılmasıdır. DTX agent kimi istifadə etdiyi adamların saxta ifadələrilə bu cinayət işini düzüb-qoşub, məhkəmə də onu notarius kimi təsdiqləmək yolunu tutub. Buna etiraz edir”.

G.Aslanova bildirib ki, həyat yoldaşı aclıq etdiyini onlara avqustun 6-da öz məhkəməsində xəbər verib. Onun sözlərinə görə, ayın 5-də P.Aslanovun evə zəng günü olsa da, əlaqə saxlamayıb:

“Məhkəmədə dedi ki, aclığa görə zəng eləməyə qoymayıblar. Amma bu gün (avqustun 7-də) zəng elədi. Dedi ki, onu bu gün Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına köçürəcəklər. Ora da yalnız su gətirməyimi istədi”.

Buna da bax: Polad Aslanov ittihamları qəbul etmir

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunandan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Onun aclıq etməsi barədə həyat yoldaşının söylədiklərinə bu qurumdan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Polad Aslanov ötən il iyunun 12-də saxlanıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Buna da bax: Ombudsman Aparatı: "Polad Aslanov qida qəbul etdiyini bildirib"

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir. Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Aslanov ittihamların heç birini qəbul etmir, DTX əməkdaşlarının ziyarətə gedən zəvvar qruplardan rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını bildirir.