AXCP: ‘Bir cəbhəçi buraxılıb, o birindən xəbər yoxdur’

arxiv foto

Avqustun 6-da saxlandığı deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tural Atakişiyevin (Pünhan) bu gün, avqustun 8-də sərbəst buraxıldığı açıqlanıb.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib. Məlumata görə, T. Atakişiyev Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. AXCP-dən habelə bildirilib ki, avqustun 6-da saxlanılan Əlisəfa İsayev barəsində isə, hələ də heç bir məlumat yoxdur. “Bir cəbhəçi buraxılıb, o birindən xəbər yoxdur”, deyə partiyadan qeyd ediblər. Bu deyilənləri, hələlik, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

***

Bu gün, avqustun 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin saxlandığı deyilir. Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib. Məlumata görə, cəbhəçilərdən Tural Pünhan və Əlisəfa İsayev saxlanılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

Hazırda onların yerinin dəqiqləşdirildiyi bildirilir. Bu məlumatı, hələlik, Baş Prokurorluq və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın son 1 yda 45 civarında üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürüldüyü, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur. Daha 18 nəfərə karantin rejimini ( koronavirus pandemiyasıilə bağlı martin 24-də Azərbaycanda karantin rejimi elan edilib) pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsildiyi deyilir. 10 nəfərin isə saxlanıb, sonra sərbəst buraxıldığı vurğulanıb. Amma bu məlumatları da rəsmi qurumlardan dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər. Yerli hüquq müdafiəçilərinin iddasına görə, isə bu hadisələrlə bağlı 70 civarında şəxs saxlanmışdı.Onların 25-dən çoxunun açılan cinayət işinə cəlb edildiyi, haqqında həbs-qəti imkan tədbiri seçildiyi vurğulanır. Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da həmin hadisələrlə bağlı 15-dən çox üzvülərinin həbs edildiyini açıqlayıb. AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib