Son gündə Azərbaycanda koronavirus infeksiyasından daha 308 nəfər sağalıb, 87 yeni yoluxma faktı qeydə alınıb.
Bu məlumatı bu gün, avqustun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər də vəfat edib:
“Hazırkı dövrədək ölkəmizdə 33 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 2714 nəfərdir”
Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində ölkədə 785 min 126 test aparılıb. Son sutkada test sayının isə 5618 olduğu bildirilir. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Dünən, avqustun 8-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınmışdı.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyon 826 mindən çox şəxsin yoluxduğu bildirilir.Onlardan da artıq 729 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.