İranda koronavirus pandemiyasına görə elan olunmuş fövqəladə vəziyyət azı 2021-ci il yanvarın sonunadək qüvvədə olacaq. Bunu ölkə prezidenti Hassan Rohani deyib.
“Altı aydır bu vəziyyətdəyik və azı daha altı ay buna hazır olmalıyıq”, – Rohani avqustun 9-da vebsaytında dərc olunmuş bəyanatda bildirir.
Prezidentin sözlərinə görə, indilik ictimai səhiyyə qadağalarının tamamilə yumşaldılması planlaşdırılmır.
“Normal həyata dönüşlə virus qadağalarına əməl etməyin orta yolunu tapmalıyıq”, – o deyib.
Son iki ayda İranda koronavirus qadağaları yumşaldılıb və bir çox iranlılar pandemiyaya əhəmiyyət verməməyə başlayıb. Bu isə Rohani-nin tənqid olunmasıyla sonuclanıb.
Son vaxtlar ölkədə koronavirusdan günə 200 civarında ölüm qeydə alınır.
Hazırda İranda 327 minə yaxın yoluxma təsdiqlənib, 18 mindən çox xəstə vəfat edib.