Almaniya hökumətinin sözçüsü Kansler Angela Merkel ilə Belarus Prezidenti Alyaksandr Lukashenka arasında 9 avqust prezident seçkisindən bəri telefon söhbəti olmadığını deyir.
Lukashenka isə daha öncə deyib ki, avqustun 16-da Merkel ona zəng edərək “danışmaq” istədiyini söyləyib. Məlumatı “Interfax” xəbər agentliyi avqustun 17-də yayıb.
Bu arada Belarusda Lukashenka-nın 26 illik hakimiyyətinə etirazlar və tətillər davam etməkdədir.
“Merkel mənə zəng edib dedi ki, ‘danışmaq istəyirəm’. (Litva Prezidenti Gitanas) Nauseda və digərləri… ‘Biz danışmaq istəyirik’. Mənə təzyiq göstərməyə çalışmayın, fərqi yoxdur Qərbdənsiniz, ya Şərqdən”, – Lukashenka avqustun 17-də Minsk traktor zavodunda fəhlələr qarşısında çıxışında deyib. Fəhlələr onu “Çıx get!” şüarı ilə qarşılayıb və yola salıblar.
“Seçkidən bəri Merkel ilə Lukashenka arasında belə söhbət olmayıb”, – Almaniya hökumətinin sözçüsü deyib.
Seçkinin nəticələrinə etiraz edənlərə divan tutan Lukashenka Avropa Birliyindən sanksiyalar təhdidi ilə üzləşib. Seçkidə onun 80 faizdən çox səs yığdığı açıqlansa da, etirazçılar nəticələrin saxtalaşdırıldığını deyirlər.