"Məhkəmə prosesində yaxınlarımın, jurnalistlərin və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin iştirakını təmin edin".
Bunu bu gün, Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu deyib.
Bu barədə Azadlıq Radiosuna prosesdə iştirak edən şəxslərdən bəziləri danışıb. Onların sözlərinə görə, müxalifətçi həmin istəyi prosesə sədrlik edən hakimi Nəriman Mehdiyev qarşısında dilə gətirib. Bildirildiyinə görə, lakin hakim, əvvəlki məhkəmə proseslərindəki kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı sıxlığa imkan verməməklə əlaqəli qərarını əsas gətirərək jurnalistlərin və digər şəxslərin prosesdə iştirakını təmin etməyib. Bu da T.Yaqublunun etirazına səbəb olub.
Buna da bax: Tofiq Yaqublu: 'İlham Əliyev kazinoda olanda mən Qarabağda...'"Nazirlər Kabinetin qərarı Konstitusiyadan üstün deyil və yaxınlarım gəlib prosesdə iştirak edə bilərlər", müxalifətçi deyib.
Proses iştirakçılarının deməsinə görə, daha sonra məhkəmə prosesində şahid qismində Baş Dövlət Yol Polis İdarəsinin Nizami rayonu üzrə inspektoru Malik Manafov dindirilib. O, proses zamanı istintaqa verdiyi ifadələrini təsdiqlədiyini bildirib, amma bəzi suallara cavab verə bilməyib.
Müdafiə tərəfinin vəkilləri M.Manafovdan telefon nömrəsini təqdim etməsini istəsələr də, şahid imtina edib. Vəkillər istəklərini şahidin nömrəsi ilə bağlı vəsatət verəcəkləri ilə izah ediblər. Onlar deyiblər ki, M.Manafovun telefon nömrəsini mobil operatora göndərərək hadisə günü şəxsin anten məlumatlarını əldə etmək vacibdir. Vəkillərin bununla bağlı vəsatəti qəbul edilməyib.
Buna da bax: Tofiq Yaqublu hakimə: 'Anten məlumatlarını al, bunları ifşa edək'
Habelə, bildirildiyinə görə, müxalifətçinin əleyhinə ifadə verən M.Manafov danışarkən T.Yaqublu "bu qədər yalan danışmaq olarmı?!" deyərək ona etirazını bildirib.
Vəkillərin digər məhkəmə işləri olduğuna görə, proses avqustun 25-nə qədər təxirə salınıb.
Bəzi jurnalistlər, fəallar və AXCP sədri Əli Kərimli prosesi müşahidə edə bilməyib.
Xatırlatma
T.Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:
Buna da bax: T.Yaqublu: 'İndiki kimi absurd, vicdansız suçlama ilə üzləşməmişdim'"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.