Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinə yeni başçılar təyin olunub.
Bununla bağlı bu gün, avqustun 24-də prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncamların biri ilə Faiq Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Digər sərəncamı ilə Elmir Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Biləsuvar İcra Hakimiyyətinin başçısı postu artıq 4 ay idi boş idi. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev bu il aprelin 30-da rüşvət və başqa qanunsuz əməllərdə ittiham olunaraq həbs edilib. Onun ittihamlara münasibəti, hələlik, ictimaiyyətə bəlli deyil.
Saatlı rayonunun bundan əvvəlki icra başçısı isə Nazim İsmayılov olub. O isə bu ilin mayında həmin vəzifədən azad edilmişdi.
Biləsuvar rayonunun yeni icra başçısı F.Qürbətov uzun illər gənclər sektorunda çalışıb. O, Gənclər Fondunda məsul vəzifədə işləyib. F.Qürbətovun son işi isə İctimai Televiziya (İTV) olub. O, İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.
Dövlət başçısının avqustun 24-də Saatlı Rayon İcra Hakimiyyəti başçısı təyin etdiyi E.Bağırov isə 2006-2015-ci illərdə Heydər Əliyev Fondunda işləyib. 2015-ci ildən onun Dənizkənarı Bulvar İdarəsində Aparat rəhbəri vəzifəsini daşıdığı bildirilir.