Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi proseduru dayandırıb. Prosedur Avropa İnsan Hüquqları Məhkəməsinin siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmamasına görə başladılmışdı.
Apreldə Ali Məhkəmə İlqar Məmmədov və onun partiyadaşı Rəsul Cəfərovun məhkumluqlarını götürüb, onlara qanunsuz həbslərinə görə kompensasiya ödəyib.
“Üzvlərimizin bu öhdəliyə çox ciddi yanaşdığını göstərir”
“Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq Avropa Şurası üzvləri Strasburq məhkəməsinin qərarlarını icra etməyə borcludurlar. Xüsusi prosedurdan görünməmiş istifadə və onun uğurla nəticələnməsi üzvlərimizin bu öhdəliyə çox ciddi yanaşdığını göstərir”, – Baş katib Marija Pejčinović Burić deyib.
“Bu eyni zamanda onu göstərir ki, konvensiya sistemi adamların həyatında real dəyişiklik yaratmaq və qitəyə pozitiv dəyişikliklər gücündədir”, – o bildirib.
Buna da bax: ReAL qeydiyyata alındı
AİHM-in 2014-cü ildə çıxardığı qərarda deyilirdi ki, Məmmədovun saxlanması və həbsi onun cinayət törətməsinə məntiqli şübhə olmadan baş verib və cinayət işinin əsl məqsədi siyasətçini hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.
Məhkəmə 2017-ci ilin dekabrında İ.Məmmədov barədə hökmünün icra olunmaması ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başladığını açıqlayıb. Məqsəd Azərbaycanın o zaman həbsxanada olan siyasətçi barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyini bir daha müəyyənləşdirmək idi. Nazirlər Komitəsi isə dekabrın 5-də xüsusi prosedura başlamaq qərarına gəlmişdi.
Bu il aprelin 23-də ReAL Partiyasının sədri İ.Məmmədov və partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi R.Cəfərov barəsindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər ikisinin məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəməyə boyun olub.
Buna da bax: Avropa Məhkəməsinin cəmi 37 qərarı icra olunub
Prosedur bağlanır, ancaq məsələyə dekabrda baxılacaq
Avropa Şurası Nazirlər Komitəsi də sözügedən işləri, həmçinin xüsusi prosuduru bağladığını bildirir.
Ancaq komitə oxşar qrupda yer alan daha altı nəfərin məhkumluğunun saxlanmasından ciddi narahatlıq bildirib. Həmin şəxslər hələ də onlara qarşı ittihamların mənfi təsirləri ilə üzləşir. Qurum qeyd edir ki, məhkəmə və istintaq orqanlarının müstəqilliyinin təminatı üçün səmərəli və kompleks tədbirlər görülməlidir, bu, hökumət tənqidçiləri və insan haqları müdafiəçilərinə qarşı cinayət qanunvericiliyindən gələcək sui-istifadəyə qarşı qoruyucu addımdır. Komitə 2020-ci ilin dekabrında məsələyə yenidən baxacağını bildirir.
Qrupdakı digər 6 nəfər isə hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, "Nida" Vətəndaş Hərəkatının İdarə Heyətində təmsil olunmuş Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov və Rəşad Həsənovdur. Adları çəkilən 8 nəfərin işi üzrə Avropa Məhkəməsi Konvensiyanın 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.
REAL-ın lideri İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. İ.Məmmədovun hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarı olub. O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.
Hüquqşünas: Azərbaycan AİHM qərarlarının icrası üzrə ən pis göstəricilərə malikdir
Hüquqşünas Xalid Ağaliyev AzadlıqRadiosuna deyib ki, Avropa Şurası Nazirlər Komitəsi AİHM-in Azərbaycanla bağlı iki - İ.Məmmədov və R.Cəfərov qərarının icrasına nəzarətin qapadılması barədə qərarı qərarların icra edilməsi mənzərəsinə ciddi təsir etmir: "AİHM-in icra mərhələsində olan 244 qərarı var idi, onlardan cəmi 37-si icra edilmişdi. İndi üstünə daha iki qərar gəldi. Azərbaycan AİHM qərarlarının icrası üzrə ən pis göstəricilərə malikdir - qərarların cəmi 14 faizi icra edilib. İkinci pillədə Rusiyadır. Hətta Rusiya AİHM qərarlarının 39 faizini icra edib".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə "Turan" agentliyinə deyib ki, Azərbaycan tərəfi o məsələləri haqq və ədalətə söykənən hadisə kimi dəyərləndirirsə, orada kifayət qədər hüquqi əsaslar varsa, onlara baxır, icra edir: "... Çünki biz bilirik ki, bir çox hallarda Avropa Məhkəməsi təkcə hüquqi müstəvidə deyil, həm də siyasi konyunkturalı qərarlar verir. Bu cür halları Azərbaycan nəzərə alır və nəzərə almalıdır".