“Der Spiegel” Navalnının yaxşılaşdığını yazır

Aleksey Navalnı

Rusiya sentyabrın 9-da bildirib ki, Berlinin Moskvadakı səfirinə Almaniyanın Navalnının xəstəliyi ilə bağlı “əsassız ittihamlar və ultimatumlarından dolayı” etiraz bildirilib

Rusiyanın araşdırmaçı saytı olan “Insider” Navalnının xəstəliyinə qədərki hadisələri xatırladığını yazıb.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 10-da deyib ki, Moskva Pompeonun bəyanatını “qəbuledilməz” adlandırır. Pompeo demişdi ki, Navalnını zəhərləmə sifarişini Moskvada aparıcı rəsmilərin verməsi ehtimalı böyükdür

Peskov İtaliya baş nazirinin bəyanatının isə “anlaşılmazlığa” əsaslandığını söyləyib. O, Moskvanın Navalnı ilə bağlı cinayət işi açılmasına əsas görmədiyini vurğulayıb.

Sözçü müxalifətçinin iddia olunan zəhərlənməsinə Almaniyadan hər hansı tibbi məlumat almadıqlarını sözlərinə əlavə edib.

***

Almaniyanın “Der Spiegel” dərgisi rusiyalı müxalifətçi Aleksey Navalnının vəziyyətində yaxşılaşma olduğunu yazıb. Ancaq Navalnının sözçüsü buna şübhəylə yanaşıb.

“Der Spiegel və Bellingcat Navalnının yenidən danışa bildiyini, yıxılmasının detallarını xatırlayacağının mümkünlüyünü anlayırlar”, – yazan dərgi araşdırmaçı tərəfdaşının adını çəkib.

“Onun bəyanatları bu hücumun arxasında duranlar üçün təhlükəli ola bilər”, – xəbərdə deyilir.

Dərgi onu da qeyd edir ki, Navalnının polis mühafizəsi gücləndirilib, çünki vəziyyəti yaxşılaşınca daha çox ziyarətçisi ola bilər.

Buna da bax: Almaniya Rusiyaya sanksiyalardan danışır

Navalnının sözçüsü Kira Yarmış xəbərə şübhəylə yanaşıb.

“Alekseyin son durumu: onun huşunun qayıtması və ətrafındakılara reaksiya verməsi haqda biz bazar ertəsi məlumat yaymışıq, məqalə çox şişirdilib və faktiki səhvləri var”, – Yarmış Twitter-də yazıb, ancaq konkret “Der Spiegel”dəki məqaləyə istinad etməyib.

Navalnının müalicə olunduğu xəstəxanadan bu informasiyaya münasibət açıqlanmayıb.

Zəhərlənməyə daha kəskin reaksiya verməkdən ötrü Berlinə çağırışlar olunur. Bəzi müxalifətçilər Rusiyadan Almaniyaya qaz nəql edəcək, tamamlanmaq üzrə olan Şimal axını-2 kəmərinin tikintisini dayandırmağa çağırırlar.

İtaliyanın Baş naziri Cuzeppe Konte sentyabrın 10-da deyib ki, Rusiya Prezidenti Vladimir Putin ona Navalnı işini araşdıracaq komitə təsis edəcəyini, “Almaniya hökuməti ilə əməkdaşlığa hazır olduğunu” deyib.

***

Navalnının zəhərlənməsini kim sifariş edib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyir ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnını zəhərləmə sifarişini Moskvada aparıcı rəsmilərin verməsi ehtimalı böyükdür.

Sentyabrın 9-da Pompeo radio müsahibəsində deyib ki, dünya əhalisi “bu cür fəaliyyəti olduğu kimi görür. Onlar dissidentin zəhərlənməsinə cəhd görəndə bunun Rusiyanın aparıcı rəsmilərindən gəlmə ehtimalının böyük olduğunu anlayırlar. Məncə, bu, Rusiya xalqı üçün yaxşı deyil”.

“Əsassız ittihamlar və ultimatumlar”

Navalnının həmkarları, qohumları və başqaları zəhərlənmənin arxasında Rusiya hakimiyyətinin dayandığına inanırlar. Kreml isə iddiaları qətiyyətlə rədd edir.

Buna da bax: G7 Navalny-nın zəhərlənməsini pisləyib


Müxalifətçi avqustun 20-də Sibirdən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. Bir neçə gündən sonra Omskdakı xəstəxanadan Almaniyaya aparılıb.

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalının Noviçok qrupuna aid hərbi sinir qazıyla zəhərləndiyini bildirir. Beynəlxalq ictimaiyyət Rusiyanı məsələni dərhal araşdırmağa çağırıb.

Rusiya hakimiyyəti isə cinayət işi açmaqdan imtina edir, zəhərlənməyə ciddi dəlil tapılmadığını deyir.

Rusiya sentyabrın 9-da bildirib ki, Berlinin Moskvadakı səfirinə Almaniyanın Navalnının xəstəliyi ilə bağlı “əsassız ittihamlar və ultimatumlarından dolayı” etiraz bildirilib.

Moskvada Xarici İşlər Nazirliyində görüşdə Almaniyanın səfirinə xəbərdarlıq olunub ki, Berlinin Moskvanı işlə bağlı informasiya ilə təmin etməməsi “düşmən provokasiyası” hesab olunacaq və “fəsadlar verəcək”.

Buna da bax: Navalny komadan çıxarılıb

Dəlil beynəlxalq təşkilata təqdim olunub

Almaniya hökuməti bildirir ki, Navalnının sinir qazıyla zəhərləndiyini göstərən testlərin nəticələri Kimyəvi Silahların Qadağanı Təşkilatına təqdim olunub.

Hökumət dəlili birbaşa Rusiyaya təqdim etməyə səbəb görmür, sözçünün müavini Martina Fietz jurnalistlərə deyib. “Biz Rusiya tərəfini informasiya verməyə çağırırıq”, – o, sözlərinə əlavə edib.

Səfir çağrılmazdan qabaq Xarici işlər naziri Sergey Lavrov Almaniyanı tənqid edib, “Berlinə göndərdiyimiz rəsmi müraciətlərə tamamilə qeyri-adekvat yanaşma göstərdiyini” vurğulayıb. O, Almaniyanın tonunu “tamamilə qəbuledilməz” adlandırıb.

Navalnı hazırda Berlindəki “Charite” xəstəxanasında müalicə alır, sentyabrın 7-də onun süni koma vəziyyətindən ayıldığı bildirilib. Ancaq hansı uzunmüddətli fəsadlardan əziyyət çəkəcəyi bəlli deyil.

Müxalifət lideri Rusiya Prezidenti Vladimir Putinə qarşı kütləvi etirazlara rəhbərlik edib, indiyədək bir dəfə kimyəvi maddə hücumuna məruz qalıb, bir dəfə də həbsdə xəstələnib.

Son illər Kremlin bir neçə opponenti ya öldürülüb, ya da hücuma məruz qalıb. 2018-ci ildə rusiyalı ikili agent Sergey Skripal və qızı Yuliya Britaniyanın Solsberi şəhərində Noviçokla zəhərlənib.