Məhkəmə hakimləri toxunulmaz olsa da, qanunvercilikdə onlar üçün də məsuliyyət nəzərdə tutulub. "Məhkəmələr və hakimlər haqqında" Qanunun 111-ci maddəsində göstərilib ki, hansı hallarda hakimlər haqqında intizam icraatı başlana, onlara cəza verilə bilər. Avropa Məhkəməsinin müəyyənləşdirdiyi pozuntular da vaxtilə o iş üzrə yerli məhkəmələrdə qərar çıxarıb, pozuntuya yol vermiş hakimlərin cəzalandırılması üçün əsaslardan biridir.
Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı yüzlərlə qərar çıxarıb, ərizəçilərin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
Buna da bax: MTN-də öldüyü deyilən gəncə görə Azərbaycan cərimələndiBaşqa sözlə, Avropa Məhkəməsi təsdiqləyib ki, həmin işlərə yerli məhkəmələr obyektiv baxmayıb, çıxarılan qərarlar ədalətli olmayıb. Amma indiyədək Azərbaycanda bu əsasla hansısa hakimin cəzalandırılması cəmiyyətə məlum deyil.
Bu ilin aprelində Ali Məhkəmənin Plenumu ReAl Partiyasının sədri İlqar Məmmədov və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərovun işinə Avropa Məhkəməsinin onlar haqqında çıxardığı qərarlar əsasında yenidən baxdı. Plenum təsdiqlədi ki, onların uzunmüddətli həbsə məhkum edilməsi haqda hökmlər də, həmin hökmləri qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarları da qanunsuz olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Cəzalandırılan yoxdur
Bu hökm və qərarlar nəticəsində İ.Məmmədov 5 il 6 ay, R.Cəfərov isə 1 il 7 aydan çox həbsdə qalıb. Buna görə dövlət onlara birlikdə 300 min manata yaxın kompensasiya ödəməli oldu.
Azərbaycanın cinayət qanunvericiliyində də bilə-bilə qanunsuz hökm və qərarlar çıxaran hakimlər üçün məsuliyyət var. Cinayət Məcəlləsinin 295.2 maddəsində bilə-bilə ədalətsiz hökm çıxarmaqla şəxsin həbsdə qalmasına səbəb olanlar üçün 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Buna da bax: Avropa Məhkəməsinin cəmi 37 qərarı icra olunub
AzadlıqRadiosu İ.Məmmədov və R.Cəfərovun uzun müddət qanunsuz həbsdə saxlanmasına, dövlətin maddi ziyana düşməsinə səbəb olan hakimlərlə bağlı tədbir görülüb-görülmədiyini araşdırıb. Məlum olub ki, onların arasında bu işlərə görə cəzalandırılan yoxdur. Yalnız bir nəfər - Ali Məhkəmənin hakimi Əli Seyfəliyev apellyasiya məhkəməsinə qaytarılıb.
Ə.Seyfəliyev 2016-cı ilin noyabrında Ali Məhkəmədə İ.Məmmədovun şikayətinə baxıb. Onun 7 illik həbsi barədə hökmü qüvvədə saxlamış Şəki Apellyasiya Məhkəməsinin qərarını haqlı sayaraq şikayəti təmin etməyib.
"Əli Seyfəliyev may ayında Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Amma bu dəyişikliyin Plenumun İlqar Məmmədovla bağlı qərarına aidiyyəti yoxdur, səbəb başqadır", – Ali Məhkəməki mənbə AzadlıqRadiosuna bildirib.
İlqar Məmmədovun işi
İ.Məmmədovun 7 il azadlıqdan məhrum edilməsi barədə hökm 2014-cü ilin martında Şəki Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Bu məhkəmə prosesinə sədrlik etmiş 61-yaşlı Rəşid Hüseynov bu gün də həmin məhkəmənin hakimidir. Sözügedən hökmə imza atmış digər iki hakimdən Xaqani Səmədov hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Gəncə hadisələrinə görə həbs olunanlardan bir çoxunun işinə də ötən il o baxıb, onların 4 ildən 20 ilə qədər azadlıqdan məhrum edilməsi barədə hökmlər çıxarmışdı.
İ.Məmmədovun hökmündə imzası olan digər hakim Əli Süleymanov isə 2015-ci ildə Cəlilabad Hərbi Məhkəməsinə sədr təyin edilib. 2017-ci ildə də oradan Füzuli Hərbi Məhkəməsinə eyni vəzifəyə göndərilib və hazırda da orada işləyir.
Buna da bax: Əli Kərimli: 'Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunsun'
İ.Məmmədovun işində Şəki Apellyasiya Məhkəməsində baxıb, hökmü qüvvədə saxlamış Mirbahəddin Hüseynov sonradan bu məhkəmənin sədr müavini təyin edilib. M.Hüseynov həm də vəkil Xalid Bağırovdan Azərbaycanda məhkəmə sisteminin müstəqil və ədalətli olmadığını dediyinə görə Vəkillər Kollegiyasına şikayət edib, onun vəkillikdən uzaqlaşdırılmasına nail olmuşdu.
Şəki Apellyasiya Məhkəməsində İ.Məmmədovun işinə baxan digər iki hakim - Rəfail Əliyev və İmanverdi Şükürov orada eyni vəzifədə işləməkdə davam edir.
Ali Məhkəmədə isə Ə.Seyfəliyevlə yanaşı, İnqilab Nəsirov və Fərhad Əliyev bu işə baxıb. İ.Nəsirov yenə də Ali Məhkəmədə öz vəzifəsindədir.
F.Əliyevin isə səlahiyyətlərinə ötən ilin dekabrında yaş həddi ilə əlaqədar xitam verilib.
Rəsul Cəfərovun işi
Rəsul Cəfərovun 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov bu gün həmin məhkəmənin hakimidir.
AXCP-yə maliyyə yardımına görə həbs olunan, Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli, partiyanın funksionerləri Babək Həsənov, Aqil Məhərrəmov haqqında uzunmüddətli həbs hökmünü də E.İsmayılov çıxarıb.
R.Cəfərovun hökmündə imzası olan daha iki nəfərdən Cavid Hüseynov da həmin məhkəmədə öz vəzifəsində qalır. Əlisultan Osmanov isə 3 il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Buna da bax: R.Cəfərov: 'Mənim üçün bu proses bitdi'
2013-cü ildə Bakıda "Əsgər ölümlərinə son!” aksiyasına görə həbs olunan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin keçmiş üzvləri haqqında da hökmü bu üçlük çıxarıb. Sadəcə, həmin hökmdə sədrlik edən Cavid Hüseynovdur. Avropa Məhkəməsi bu iş üzrə qərarında NİDA-çıların həbsini siyasi motivli hesab edib, Konvensiyanın 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin üzərinə bu işə də yenidən baxılması öhdəliyi qoyulub.
R.Cəfərov haqqında hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Həsən Əhmədov və Vaqif Mursaqulov da eyni yerdə, eyni vəzifədə fəaliyyətini davam etdirir. Oradakı üçlükdən yalnız Mirpaşa Hüseynov ötən il vəfat edib.
Ali Məhkəmədə qərarı qüvvədə saxlamış Fərhad Kərimovun işində də dəyişiklik yoxdur. Hətta Ali Məhkəmənin Plenumunun iclaslarında da iştirak edir. R.Cəfərovun işinə baxmış tərkibdəki digər iki nəfər – Gülzar Rzayeva və İmran Hacıqayıbov isə ötən ilin dekabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
"Onlar dövlətə ziyan vurublar"
Məhkəmə-Hüquq Şurasından AzadlıqRadiosuna bildirilib ki, hakimlər haqqında intizam icraatının başlanmasına səbəb olan şikayət və əsaslar daxili araşdırma üçündür.
İ.Məmmədov və R.Cəfərov onlar haqqında qanunsuz hökm və qərarlar çıxarmış hakimlərin cəzalandırılması üçün şikayət verməyib. R.Cəfərov şikayətçi olmamasını belə izah edib ki, onun üçün əsas olan bəraət alması, təqsirsizliyinin rəsmən etiraf olunmasıydı. Onun fikrincə, qanunsuz qərarlar çıxarıb, həm maddi baxımdan ziyan vuran, həm də nüfuzuna zərər gətirən hakimlərin cəzalandırılması dövlətin özünün marağında olmalıdır:
Buna da bax: Qanun adamları qanunsuz cəzalandıranlar haqda nə deyir"Bizə istər Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya, istərsə də Ali Məhkəmənin Plenumunun qanunsuz həbsdə saxlanmaya görə müəyyənləşdirdiyi kompensasiyanı dövlət ödəyib, qanunsuz qərarlar verən hakimlər yox. Bu mənada, onlar dövlətə maddi baxımdan da ziyan vurublar. Onların qanunsuz qərarlarına görə siyasi idarəetmədə olan hakimiyyətin nüfuzuna da ziyan vurublar. Ona görə özləri maraqlı olmalıdır ki, bu şəxslər cəzalansın, belə hallar təkrarlanmasın".
O halda cəzalanarlar ki...
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyir ki, şikayət olmadan dövlət özü də qanunsuz qərarlar verən hakimləri cəzalandıra bilər. Hüquqşünas bildirib ki, Cinayət Məcəlləsinin 295-ci maddəsi "ictimai ittiham qaydasında başladılan cinayət işləri" kateqoriyasına aiddir. Yəni, vətəndaşın şikayət etməsi mütləq deyil.
Qanunsuz qərar verdiyi Plenum səviyyəsində etiraf olunan hakimlərin cəzalandırılmamasına gəlincə, F.Mehdiyev hesab edir ki, həmin hakimlər vaxtilə özbaşına qərar verməyiblər. Ona görə də həmin qərarlara görə məsuliyyət daşımırlar: "Qanunsuz qərarlar verən hakimlərin cəzalanmasını nəzərdə tutan hüquqi normalar o vaxt işlək olacaq ki, ölkədə məhkəmələr müstəqil fəaliyyət göstərəcək. Yəni, hakim müstəqil qərar çıxaracaq və o qərara görə məsuliyyət daşıyacaq".
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə təqsirsiz şəxsin əsassız cinayət məsuliyyətinə cəlb olunmasına görə məsuliyyət daşıyan şəxs haqqında dəfələrlə xüsusi qərarlar çıxarıldığını, hakimlər barəsində intizam icraatı başladığını deyir. Onun sözlərinə görə, qanunvericilik o halda hakimin cinayət məsuliyyətinə cəlb olunmasına imkan verir ki, onun bilə-bilə qanunsuz hökm və ya qərar çıxardığı sübut olunsun: "Ola bilər ki, hakim qanunu yanlışlıqla düzgün tətbiq eləmir, doğru şərh etmir. Bu halda, intizam xarakterli tənbeh tədbirləri tətbiq olunur. Amma bilə-bilə edirsə bunu, artıq cinayət məsuliyyəti yaranır. Bunu da mütləq sübut etmək lazımdır".