'Sovetski' sakinləri başçı ilə görüş istəyir

Sizin brauzer HTML5-i dəstəkləmir

'Sovetski' sakini: 'Hara çıxarırsan məni? Razı salmısan?'

Sentyabrın 25-də Bakının "Sovetski" adlanan ərazisinin bir qrup keçmiş sakini Yasamal Rayon İcra Hakimiyyətin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Sakinlər 3 ildir onlara kompensasiyanın tam verilməməsindən şikayət edərək icra başçısı ilə görüş tələb ediblər. "Pulumuzu kəsib özlərinə hündürmərtəbəli binalar tikirlər, bahalı maşınlarda gəzirlər. "Sovetki"nin əhalisinə yuxarıdan aşağı baxırlar. Prezidentə biz sözümüzü çatdırmışıq, çatdıracağıq da. Bizə xəbərdarlıq etmədən, biz evdə olmadan evlərimizi avadanlıqlarla bir yerdə buldozerin altına veriblər. İndi haqqımız olan kompensasiyanı da vermirlər. Belə olmaz", - şikayətçilər vurğulayıblar.

Ərazidə olan polis əməkdaşları etirazçıların bir nümayəndəsinin icra hakimiyyətin binasına keçməsinə icazə verib. Lakin bu da sakinlərin narazılığı ilə qarşılanıb. "Həmişə eyni adamı buraxırlar, bizim seçdiyimiz nümayəndəni yox. O da gedir, nə danışırsa, bizim problemimiz həll olunmur", - deyə şikayətçilər qeyd ediblər.

"Sovetski"də köhnə kişilərin söhbəti...

Polis əməkdaşları etiraz aksiyanı keçirənləri ərazidən uzaqlaşdırıb.

Aksiya insidentsiz başa çatıb. Amma şikayətlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantindir.10 nəfərdən artıq şəxsin bir yerdə toplaşmasına icazə verilmir.

Xatırlatma

Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə min 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

"Sovetski" ərazisində söküntülər son illərdə də davam edib.