Tarixin böyük bir dövrü ərzində oxumaq, əsasən, səsli olub. 4 min il bundan əvvəl indiki İraq və Suriya ərazilərində yazılmış gil kitabələrdə "oxumaq" sözünün hərfi mənası "ucadan çığırmaq", yaxud "dinləmək" olub. O dövrə aid bir məktubda deyilir: "Mən bu mühüm ismarışı göndərirəm. Bu lövhəni dinləyin. Uyğun olsa, onu krala dinlədin".
Yalnız çox nadir hallarda kitabəni "görmək" ifadəsi işlədilirdi. Güman ki, bu, mətni sakit oxumağa işarədir.
Günümüzdə sakit oxumaq normaya çevrilib. Məsələn, kitabxana və digər ictimai yerlərdə ucadan oxumaq, demək olar ki, mümkün deyil. Biz, əsasən, hər hansı səhnəcik, yaxud gecə uşaqları yatağa qoyanda ucadan oxuyuruq.
Buna da bax: Qadınlar niyə kişi adıyla yazırlar
"Bütün yaş qrupları üçün faydalıdır"
Ancaq BBC son dövrlərdə aparılan tədqiqatlara istinadən yazır ki, biz ucadan oxumamaqla çox şey itiririk. Qədim dövrlərdə yayğın olan ucadan oxuma sənətinin yetkin yaşlı insanlar üçün bir çox faydaları var. Bu vərdiş onların yaddaşını möhkəmləndirir, mürəkkəb mətnləri anlamaq bacarığını inkişaf etdirir və insanlar arasındakı emosional bağları gücləndirir.
Kanadanın Vaterloo Universitetindən psixoloq Kolin Maklaud ucadan oxumağın yaddaşa təsirini geniş araşdırıb. O və həmkarları ucadan oxuyan insanların söz və mətnləri daha yaxşı yadda saxladığını aşkar edib. "Bu, bütün yaş qrupları üçün faydalıdır", - Maklaud BBC-yə deyib. Maklaud insanın ucadan oxunan (hasil olunan) sözü daha yaxşı yadda saxlamasını "istehsal effekti" adlandırıb.
Biz ümumən seçilən, qeyri-adi hadisələri daha yaxşı xatırlayırıq. Özümüzün iştirak etdiyimiz hadisələri də həmçinin.
Buna da bax: Pandemiya bu kitabların satışını artırıb
İnsanın özü ucadan oxuyanda "istehsal effekti" daha güclü olur. Ancaq başqa birinin ucadan oxumasını dinləməyin də yaddaşa təsirləri maraqlıdır. İtaliyanın Peruci Universitetində aparılan tədqiqat zamanı tələbələr 60 sessiya ərzində demensiyalı insanlara romanlardan hissələr oxuyublar. Bundan sonra dinləyicilər yaddaş testində daha yaxşı nəticələr göstəriblər. Alimlər ehtimal edirlər ki, bu, hekayələrin onların yaddaş və təxəyyülündə müəyyən canlanma yaratması, keçmişdə yaşanan təcrübə və hadisələrin ardıcıllığını bərpa etməyə kömək etməsi ilə bağlıdır.
"Görünür, aktiv şəkildə hansısa hekayəni dinləmək informasiya emalının intensivləşməsinə və dərinləşməsinə yol açır", –tədqiqatçılar bildiriblər.
Xəstəliklərin aşkarlanması
Ucadan oxumaq həm də bəzi yaddaş problemlərini üzə çıxara, beləliklə də xəstəliklərin erkən aşkarlanmasına kömək edə bilər. Bir araşdırmanın nəticələrinə görə, Alsheymer xəstəliyi olan insanlar ucadan oxuyanda müəyyən səhvləri daha çox edirlər.
Buna da bax: Nobel mükafatı kitab satışına necə təsir edir
Ucadan oxumağın bu qədər faydaları varsa, görəsən, niyə bəşəriyyət sakit oxumağı seçib? Zaman keçdikcə, naqqaşlar öz bacarıqlarını inkişaf etdirib kitabələri daha sürətlə yazmağı öyrəniblər. Norveçin Berqen Universitetindən koqnitiv arxeoloq Karenli Overmannın sözlərinə görə, bu sürətli yazı texnikasının öz üstünlükləri olub. O deyir ki, sürətlə yazmaq düşüncənin sürəti ilə daha yaxşı ayaqlaşmağa kömək edirdi. Ucadan oxumaqsa daha yavaş prosesdir. Çünki bu halda yazını səsə çevirməklə əlavə bir addım atmış olursunuz. Ürəyimizdə oxumaqsa istər-istəməz prosesi sürətləndirir.
Fransız assuriyaşünası Dominik Şarpen özünün "Babildə oxu və yazı" (Reading and Writing in Babylon) adlı kitabında Hulalum adlı bir naqqaşın məktubundan sitat gətirir. Görünür, Hulalum vəziyyətdən asılı olaraq "görmək" (sakit oxumaqla) ilə "demək/dinləmək" (ucadan oxumaq) arasında seçim edirmiş.