Vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasının rəhbərliyindən Prezident İlham Əliyevə şikayət edib. E.Sadıqov iddia edir ki, insan hüquqlarını müdafiə edən vəkilləri əvvəllər dövlət orqanlarının şikayətləri əsasında cəzalandıran Vəkillər Kollegiyasının rəhbərliyi son vaxtlar yeni metod tapıb. Onun sözlərinə görə, Kollegiya rəhbərliyi cəzalandırmaq istədiyi vəkillərə qarşı qondarma şikayətlərdən istifadə edir: "2019-cu ilin əvvəlində Vəkillər Kollegiyasının Rəyasət Heyəti bəyan etmişdi ki, bundan sonra dövlət orqanının şikayəti əsasında heç bir vəkili cəzalandırmayacaq. Çünki artıq onlar yeni bir üsul tapmışdılar: vətəndaşlardan "şikayətçi" düzəltmək. Bu metodla vəkilləri təqib etmək, onları daim təsir altında saxlamaq istəyir, əksər hallarda buna nail ola bilirlər".
Buna da bax: Elçin Sadıqovun fərdi vəkilliyi dayandırılıb
E.Sadıqov həm özü, həm də bir il əvvəl vəkillikdən uzaqlaşdırılan Şəhla Hümbətova ilə bağlı baş verənləri də müraciətində sadalayıb.
"...qanunlara hörmətsizlik etməsini görmək olduqca ağrıdıcıdır"
E.Sadıqov müstəqil vəkil kimi, təqib və təzyiqlərə məruz qaldığını vurğulayaraq bunun qarşısının alınması üçün dövlət başçısından kömək istəyib: "Ölkədə vəkillərin, vəkilliyin əsas vəzifəsi insan hüquq və azadlıqlarını müdafiə etmək olsa da, Vəkillər Kollegiyası Rəyasət Heyəti insan hüquq və azadlıqlarını müdafiə edən vəkilləri daim təqib edir. Bunun bariz nümunəsini öz üzərimdə daim görmüşəm. Qanunlara əməl və hörmət etməli olan qurumun qanunlara hörmətsizlik etməsini görmək olduqca ağrıdıcıdır. Xahiş edirəm, müstəqil vəkilliyimə edilən qəsdlərin və Vəkillər Kollegiyası Rəyasət Heyətinin təqiblərinin qarşısını alınmasında mənə kömək edəsiniz".
Buna da bax: Büdcəyə yüz minlərlə ziyan vuran hakimlər kimlərdir və haradadır
Sentyabrın 25-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə vəkil E.Sadıqovun fərdi qaydada vəkil kimi fəaliyyət göstərməsi dayandırılıb. Onu 14 saylı vəkil bürosuna təyin ediblər.
E.Sadıqov hesab edir ki, qərar əsasızdır və onun siyasi işlərə çıxmağımın qarşısını almağa hesablanıb. Çünki fərdi vəkillik zamanı order vəkilin özündə olur, istədiyi vaxt müqavilə bağladığı iş üzrə müdafiəçi qismində iştirak edə bilir. Büroya təhkim ediləndə isə orderi almaq üçün mütləq büro rəhbərliyinin razılığı və imzası olmalıdır.
E.Sadıqov bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edir.