Kinoteatrlar özünə gələcəkmi

Kinoteatr

ABŞ-da kinoteatrların koronavirus pandemiyası dövründə yenidən ayağa qalxacağına ümidlər get-gedə azalmaqdadır.

"AMC", "Marcus", "Cineworld" və "Cinemark" kinoteatr şəbəkələrinin səhmləri uğursuz həftə sonlarından sonra yenidən ucuzlaşmaqdadır. "AMC" şəbəkəsinin səhmləri sentyabrın 14-də 7% ucuzlaşaraq şirkətin bazar dəyərini 575 milyon dollar səviyyəsinə qədər endirib. CNBC bu məlumatı "FactSet" maliyyə araşdırma şirkətinə istinadən yayıb. Ümumilikdə şirkətin səhmləri ilin əvvəlindən bəri 27% dəyər itirib.

Buna da bax: Koronavirus musiqiçilərə belə təsir göstərib

Şirkətlərin dəyəri azala-azala gedir

"Cinemark"ın səhmləri isə 5% azalıb. Hazırda şirkətin bazar dəyəri 1.37 milyard dollardır. Şirkətin səhmləri bu ilin yanvarından bəri 67%-dən çox dəyər itirib.

"Marcus" şəbəkəsi də sentyabrın 14-də 7%-dən çox ucuzlaşıb. Bu ilin doqquz ayı ərzində 70%-lik ucuzlaşmadan sonra şirkətin bazar dəyəri 284 milyon dollara enib.

Həftə sonları film nümayişi biznesində gəlirlərin ölçülməsi baxımından mühüm amildir. 18-20 sentyabr tarixlərini əhatələyən həftəsonu ərzində Şimali Amerikada bilet satışları 13.2 milyon ABŞ dolları həcmində gəlir gətirib. CNBC-nin "Comscore" media təhlil şirkətindən götürdüyü məlumatda belə deyilir. Müqayisə üçün qeyd edilir ki, ABŞ və Kanadada toplanan kassa gəlirləri ötən ilin eyni həftəsi ərzində 125.4 ABŞ dollar həcmində olub. Bu, "Downton Abbey", "Ad Astra" və "Rambo: Last Blood" kimi filmlərin həmin həftə ekranlara çıxarılması sayəsində baş verib.

Buna da bax: Dağlıq Qarabağ haqqında film Moskva Kinofestivalından çıxarılıb

ABŞ kinoteatrlarında üçüncü həftədir ki nümayiş olunan "Tenet" filminin gəliri çox kiçik, cəmi 4.7 milyon dollar olub. Bu, daha öncəki həftə ilə müqayisədə 26% daha azdır.

Ümumilikdə "Warner Bros." studiyasına məxsus bu film ABŞ və Kanadada cəmi 36.1 milyon dollar kassa gəliri əldə edə bilib. Halbuki, onun yerli kassa gəlirlərini yenidən dirçəldəcəyi gözlənilirdi. Dünyada isə film uğur qazanıb və daha yaxşı göstəricilər ortaya qoyub. İlk nümayişi avqustda keçirilmiş "Tenet"in beynəlxalq gəlirləri 214 milyon dollar olub.

"Yeni mutantlar" 17.7 milyon dollar əldə edib

"Disney"in "New Mutants" (Yeni mutantlar) filmi kinoteatrlarda nümayişinin dördüncü həftəsi ərzində 1.6 milyon dollar qazanıb. Onun ilk nümayişindən bəri topladığı gəlirin ümumi həcmi isə 17.7 milyon dollar olub. "Solstice Studios"un çəkdiyi "Unhinged" (Nataraz) filmi əsas kinoteatr şəbəkələrində nümayişinə başlanmış ilk Hollivud filmi olub. Onun sözügedən həftədə topladığı kassa gəliri 1.3 milyon, ümumi gəliri isə 15.7 milyon dollar olub.

Buna da bax: Onların iştirak etmədiyi filmlər 'Oskar'a düşməyəcək

ABŞ-ın yerli kinoteatrlarında ümumi kassa gəliri 18-20 sentyabr tarixlərində daha öncəki həftəsonu ilə müqayisədə 11.5%-dək aşağı olub. Qeyd edilir ki, həmin həftənin cümə günü heç bir yeni film ekrana çıxmayıb və noyabrın ortalarınadək də çıxmayacaq.

Ekranlara çıxarılacaq növbəti iri blokbasterin "Disney"in "Marvel" studiyasına məxsus "Black Widow" (Qara dul qadın) filmi olacağı bildirilir. Film noyabrın 6-da ekrana çıxmalıdır. Ancaq hətta filmin bu debütü belə təhlilçilər tərəfindən sorğulanır.

CNBC yazır ki, müştərilərin kinoteatrlara qayıtmaqla bağlı istəyi kifayət qədər sönük görünür. Dezinfeksiya prosedurları və maska qaydalarının tətbiqi də vəziyyəti düzəltməyə kömək etmir.

"Morning Consult" şirkətinin keçirdiyi yeni bir sorğunun nəticələrinə görə, istehlakçıların yalnız 18%-i özlərini kinoteatrlara qayıtmaq baxımından rahat hiss edir. 10-13 sentyabr tarixlərində keçirilən bu sorğunun 2 min 200 respondenti əhatə etdiyi bildirilir.