Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Rəsmi Bakı açıqlayıb ki, son günlər 25-civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.
Bəs işğaldan azad edilən yerlərdə yaşayışın bərpası planları varmı? Hakimiyyət orqanları bu məsələ ilə bağlı, hələlik, konkret açıqlama vermirlər.
Buna da bax: Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalırAmma deputat Vahid Əhmədov mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işinə başlamağın əsas şərti dayanıqlı sülhün əldə edilməsidir. Onun fikrincə dayanıqlı sülhün əldə edilməsi iqtisadi dirçəliş üçün əsas şərtdir.
V.Əhmədov hesab edir ki, Azərbaycan dövlətinin bu əraziləri bərpa edə bilməsi elə də ciddi problem deyil:
"Maddi baxımdan çətin deyil"
"Azərbaycan dövlətinin işğaldan azad edilən əraziləri bərpa etməsi maddi baxımdan çətin deyil. Azərbaycan dövlətinin gücü, imkanı var ki, onları bərpa etsin. Burada sənaye obyektləri, yaşayış obyektləri tiksin".
V.Əhmədov əlavə edib ki, Ermənistan tərəfindən münaqişə zonasına aid olmayan ərazilərə də iqtisadi ziyan vurulub: "Odur ki, Azərbaycan ərazisinə dəyən ziyana görə Ermənistanı Beynəlxalq Məhkəməyə verə və təzminat tələb edə bilər. Amma iqtisadi həyatın inkişafı üçün planlardan da öncə dayanıqlı sülh əldə edilməlidir".
Buna da bax: Ermənilər Xankəndinin vurulduğunu deyirlər
"Planlar əvvəlcədən var"
İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, işğal edilmiş ərazilərdə iqtisadi həyatın inkişafı üçün dayanıqlı sülhün olması ən vacib məsələdir. Onun deməsinə görə, işğaldan azad edilməsi nəzərdə tutulan ərazilərin bərpası ilə bağlı planlar əvvəlcədən var.
İqtisadçı bildirib ki, həm Azərbaycan hökumətinin hazırladığı və həm də hökumətlə paralel beynəlxalq təşkilatların iştirakının nəzərdə tutulduğu planlar var. Onun fikrincə, böyük ehtimalla proses kompleks şəkildə həyata keçiriləcək:
"Əgər sülh sazişi olacaqsa,..."
"Əgər sülh sazişi olacaqsa, o zaman hərbi resurslarda da xərclər müəyyən qədər azalacaq, iqtisadi imkanlar nisbətən arta biləcək. Bu, həm də imkan verəcək ki, dövlət büdcəsindən müəyyən xərcləri bu istiqamətə yönləndirmək mümkün olsun".
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da bu istiqamətdə iştirak edəcəklər: "Bildiyim qədər, BMT-nin bu yöndə 5 milyard dollarlıq layihəsi var. 10-15 ildir ki, dondurulmuş layihədir. Böyük ehtimalla bu layihəni aktivləşdirmək mümkün olacaq. Bu, çoxşaxəli layihədir, həmin ərazilərin hərbsizləşdirilməsini, minalardan təmizlənməsini, infrastrukturun bərpasını və s. nəzərdə tutur".
Buna da bax: Qarabağdakı müharibə Minsk qrupunda nəyi dəyişə bilər? - Tomas de Vaalla müsahibə
R.Həsənov deyib ki, dünyanın hər yerində belə proseslərdə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu fəal iştirak edir: "İndi əsas hədəf həmin ərazilərin işğaldan azad edilməsi, təmizlənməsi, dayanıqlı sülhün olmasıdır. Həqiqətən dayanıqlı sülh və bu sülhə inam olarsa, o zaman bərpa işləri o qədər də çətin proses olmayacaq".
R.Həsənov da deyib ki, Azərbaycan ərazisinə dəyən ziyana görə Ermənistandan təzminat da tələb edə bilər: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2014-cü ildə apardığı hesablamaya görə, 22 il ərzində Ermənistan tərəfinin Azərbaycan iqtisadiyyatına vurduğu ziyan 285 milyard dollardır. Bununla bağlı Azərbaycan dövləti beynəlxalq məhkəməyə müraciət də bilər".
Sizin brauzer HTML5-i dəstəkləmir
Məsələyə, hələlik, yazıda adı çəkilən beynəlxalq qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.