Dünən, oktyabrın 14-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov yerli radiostansiyalara müsahibəsində yenidən Qarabağ münaqişəsi ilə bağlı sülhməramlılar mövzusuna toxunub. "İndi heç sülhməramlı deyil, hərbi müşahidəçilər belə yetərlidir. Biz bunu tamamilə düzgün sayırıq. Hətta bizim hərbi müşahidəçilər olsa belə, son sözü tərəflər (Ermənistan və Azərbaycan) deməlidirlər", – Lavrov vurğulayıb.
Hazırda sülhməramlılar məsələsinə Azərbaycanda müsbət yanaşmırlar. Hətta Azərbaycan prezidenti oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində bu məsələ ilə bağlı verilən suala cavab olaraq deyib:
Buna da bax: 'İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz'"...Yəni, orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır - bu gün sülhməramlıların göndərilməsi deyəndə, Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz… Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir".
Prezident əlavə edib ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur.
"Buna birmənalı şəkildə imkan vermək olmaz"
Politoloq, Azərbaycanın Rusiyada keçmiş səfiri Hikmət Hacızadə AzadlıqRadiosuna bildirib ki, Rusiyanın məqsədi ordusunu tam olaraq Cənubi Qafqaz regionuna qaytarmaqdır. H.Hacızadə deyib ki, bu təzə məsələ deyil. Onun fikrincə, 30 ilə yaxındır ki, Moskva bunu müzakirə edir:
Buna da bax: Rusiyanın Qarabağ münaqişəsində son davranışlarına necə baxırsız?"Buna birmənalı şəkildə imkan vermək olmaz. Bunlar hamısı Rusiyanın biclikləridir, hansı yolla isə ordusunu yenə regiona soxaraq onu nəzarətə götürmək istəyir. Hərbi müşahidəçilər məsələsi də addımın birincisidir. "Sülhməramlı qüvvələr" termini insanları qıcıqlandırır, indi yeni olan "hərbi müşahidəçilər" termini uydurublar. Amma bu nə mexanizmdir, bu necə işləyəcək, hələ bilinmir?".
"...imkan verməyəcək"
Milli Məclisin sədr müavini, deputat Fəzail İbrahimli isə mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, bu hələ ki, təklifdir.
F.İbrahimli vurğulayıb ki, bu günlərdə Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibə verən prezident İlham Əliyev də sülhməramlı qüvvələr məsələsinə kifayət qədər tutarlı cavab verib.
"Azərbaycan tərəfinin razılığı olmadan bu regiona hər hansı ad altında hər hansı hərbi qüvvə yerləşdirilə bilməz", - sədr müavini söyləyib.
Buna da bax: 'Bölgəyə sülhməramlılar gətirmək kimi düşüncələr var, amma...'
O, əlavə edib ki, ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsində tərəflərdən birinin razılığı olmadan heç bir addım atmaq mümkün olmadığı kimi, Rusiya da razılıq olmadan regiona hər hansı qüvvə yerləşdirə bilməz: "Prezidentin iradəli mövqeyi, atdığı qətiyyətli addım, "Qarabağ son qarışına kimi azad olmalıdır" düşüncəsi ilə hərəkət edən Azərbaycan hərbi qüvvələri regionda hər hansı kənar müdaxilənin ola bilməsinə güman edirəm ki, imkan verməyəcək".
Sülhməramlıların "xala uşaqları"
"Hərbi müşahidəçilər sülhməramlıların "xala uşaqları"dır", - deyə politoloq Zərdüşt Əlizadə isə məsələni yumorla dəyərləndirməyə çalışıb. Onun fikrincə, Rusiya kimlərinsə həyatını xilas etmək adı ilə bölgəyə girə bilər: "Necə ki, bu, Abxaziyada, Cənubi Osetiyada baş verdi. Gəldi, gürcü ordusunu əzdi, hər iki bölgəni müstəqil dövlət elan etdi. Bu təcrübədən sonra Rusiyanın bölgədə hərbi iştirak təklifinə Azərbaycan razılıq verməyəcək, bu, 100 faizdir. Kim bu təklifə müsbət cavab verərsə, deməli, vətənə xəyanət edir".
Buna da bax: 'Rusiyanın təklifindən imtina Azərbaycan üçün asan deyil'
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 40-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.
Daha sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalayıblar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi. Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb.