Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti mülki əhalinin itkiləri ilə bağlı oktyabrın 17-də növbəti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, sentyabrın 27-dən ( döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb:
“Bundan başqa 327 mülki obyekt, 90 yayayış binası və 1704 yaşayış evi yarasız hala düşüb.”
Xatırlama
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 57 civarında kəndi, Cəbrayıl şəhərini, Füzuli şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə yeni sənəd imzalayıblar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.