Belarusun İstintaq Komitəsi Nexta-Live Telegram kanalının qurucuları Stepan Putsila və Raman Prataseviçi ölkədə kütləvi iğtişaşların təşkilində ittiham edir. Bu haqda komitəyə istinadla Belarusun rəsmi BelTA agentliyi yazır.
Putsila və Prataseviç axtarışa veriliblər. Onlar həmçinin hakimiyyət təmsilçiləri və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sosial ədavət qızışdırmaqda suçlanırlar.
İttihamlar kütləvi iğtişaşlar üzrə istintaq çərçivəsində irəli sürülüb. İstintaq 9 avqust seçkisindən sonra Alyaksandr Lukaşenka idarəçiliyinə qarşı başlanmış iğtişaşları araşdırır.
Buna da bax: Avropa İttifaqı nəhayət Lukaşenkaya da sanksiya qoydu
Nexta Telegram kanalı daha öncə “ekstremist” elan olunmuşdu. Bu kanal kütləvi etirazları fəal işıqlandırır, Lukaşenka və onun rejiminə qarşı tənqidlər dərc edir.
Minsk məhkəməsi NEXTA-Live kanalı və loqosunu ekstremist elan edərək İnformasiya Nazirliyinə bu ad və loqodan istifadə edən informasiya resurslarına girişi məhdudlaşdırmağı tapşırıb.
Prezidenti təhqir etməkdə suçlanıb
Nexta Live kanalının 2 milyonadək abunəçisi var. O, Belarusda etirazlar başlanandan xüsusi populyarlıq qazanıb.
Belarusca “nexta” “kimsə” deməkdir.
Buna da bax: Lukaşenko əleyhdarları yenidən Minsk meydanlarında
Kanalın qurucusu 22 yaşlı bloqer Stepan Putsiladır. O, hazırda Varşavada yaşayır. 2018-ci ildən doğma ölkəsində olmayıb. Onda YouTube kanalındakı rolikləri ilə bağlı ona “prezidentin təhqiri” maddəsi ilə cinayət işi açmaq istəyirdilər.
Bir neçə gün qabaq rusiyalı müxalifətçi, hazırda Almaniyada müalicə olunan Aleksey Navalnı Nexta-nın suallarını cavablandırıb.
Ötən ay Putsila və Belarusun bir sıra digər fəalları Avropa Parlamentinin 2020-ci il Saxarov Düşüncə Azadlığı Mükafatına layiq görülüblər.
Prataseviç sentyabrda kanaldan çıxıb.
Belarusda 9 avqust seçkisinin nəticələrini müxalifət qəbul etməyib, ölkəni kütləvi etirazlar bürüyüb. Müxalifət özünün namizədi Svetlana Tixanovskayanın seçkini udduğunu bildirir.
Tixanovskaya seçkidən bir gün sonra özünə və ailə üzvlərinə təhdid olduğunu deyərək Litvaya gedib. Müxalifətin bir sıra aparıcı üzvləri ya həbs olunub, ya da ölkədən çıxmağa məcbur edilib.
Noyabrın 4-də Avropa Birliyi üzvləri Belarusun 14 rəsmisi və Lukaşenkaya seçkisonrası etirazların qəddarlıqla yatırdılmasına görə sanksiyalar tətbiq etməyə razılaşıb.