Paşinyan yenə Qarabağın tanınmasından danışır

Nikol Paşinyan

Noyabrın 12-də Ermənistan müxalifəti etirazları davam etdirməyi planlaşdırır

“Vətən adına əsgərlər ölməməlidir, Vətən əsgər naminə qurban verməlidir”, – Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də xalqa müraciətində belə deyib. O, məhz bunu dərk edərək “bu məyusedici sənədi” imzaladığını bildirib.

Baş nazirin sözlərinə görə, 25 min əsgərin həyatı daha vacib idi və onlara təhdid vardı.

“Komandir əsgərə ölmək əmri verməməlidir, özü əsgər naminə ölməlidir. Bunu dərk edərək bu məyusedici sənədi imzaladım... Əsgərlərin həyatına təhlükə vardı”, – o deyib.

Paşinyan qeyd edib ki, Qarabağın statusu ilə bağlı fəaliyyət dəyişməyəcək, Qarabağın beynəlxalq səviyyədə tanınması mütləq prioritetdir və hazırda bu məsələnin xeyrinə daha tutarlı arqumentlər mövcuddur.

Sənədi imzalamamaq üçün niyə istefa verməməsinə gəlincə, Paşinyan deyib ki, bu, “fərarilik olardı”.

Buna da bax: Şuşaya komendant təyin edilib

Yerevandan Sünikə Naxçıvandan yollar açılacaq

Nikol Paşinyan Mehri dəhlizinin Azərbaycana verilməsi haqda deyilənləri cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, Dağlıq Qarabağda atəşkəs razılaşması Ermənistan üçün həqiqətən pisdir. Amma onu olduğundan daha pis qələmə vermək düzgün deyil.

“Mehrinin verilməsindən danışırlar. Bu, tam bir cəfəngiyatdır. Söhbət yalnız regional nəqliyyat kommunikasiyalarının açılmasından gedir. İndiki halda Azərbaycandan Naxçıvana yollar açılır, ancaq eyni zamanda Yerevandan Sünik vilayətinə Naxçıvandan yollar da açılır”, – Paşinyan deyib.

Noyabrın 10-da açıqlanmış sənədin 9-cu bəndində deyilir ki, Ermənistan “Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Sənədə görə, tərəflərin razılığı əsasında Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası da təmin edilməlidir.

***

Noyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edir.

Müraciətin detalları gəldikcə, saytımızda yerləşdiriləcək.

Ölkənin müxalifət qrupları onun istefasını tələb edirlər, etirazları davam etdirməyi planlaşdırırlar. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından atəşkəs bəyanatı yayılandan sonra ölkədə etirazlar başlanıb.

Etirazçılar parlament və hökumətin binalarına girib, dağıntılar törədiblər.

Buna da bax: Paşinyanın partiyası: "Müxalifət müharibəni davam etdirmək istədiyini rəsmən elan etsin..."

Noyabrın 12-də Ermənistan müxalifəti etirazları davam etdirməyi planlaşdırır.

Bu gün Xüsusi İstintaq Xidmətinin açıqlamasına görə, 10 tanınmış müxalifətçi “qanunsuz zorakı kütləvi iğtişaşların təşkili”nə görə həbs olunub.

Saxlananlar içində Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Tsarukyan, Ana Vətən Partiyasının lideri Artur Vanetsyan, Daşnaksutyun Partiyasından İşxan SağatelyanGeğam Manukyan, keçmiş hakim Respublikaçı Partiyasından (HHK) Eduard Şarmazanov da var.

Müxalifət bu həbsləri qanunsuz adlandırıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənilərlə yenidən birgə yaşayış fikrinə necə baxırsınız?

Xatırlatma

Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayonu 1994-cü ilədək işğal olunub. Bu il sentyabrın 27-dən noyabrın 9-u günün sonunadək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi tarixi qələbə adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.