Şuşa şəhər Polis Şöbəsi artıq Şuşa şəhərinə köçürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, prezidentin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür.
Bildirildiyinə görə, Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.
"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər", - məlumatda qeyd edilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İşğaldan azad edilən yerlərdə DTX fəaliyyətə başlayıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) idarə və şöbələri fəaliyyətə başlayır.
Bu barədə DTX bu gün, noyabrın 12-də məlumat yayıb.
Məlumatda bildirilib ki, DTX-nın Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.
Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" oktyabrın 29-da imzaladığı fərmanla izah edilir.
"Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq", - məlumatda yazılıb.
Xatırlatma
Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.