Vəzifə müddətinin bitməsinə iki ay qalan ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı rəsmilərindən İranın nüvə obyektlərinə zərbə endirmək variantlarını istəyib. Bu haqda media yazır.
Noyabrın 12-də Oval Ofisdə iclas zamanı Tramp bir neçə aparıcı köməkçisindən xahiş edib ki, “növbəti həftələrdə İranın əsas nüvə obyektinə qarşı tədbir görmək üçün variantları varmı”. “The New York Times” qəzetinin noyabrın 16-da yazmasına görə, həmin rəsmilər sırasında Vitse-prezident Mayk Pens, Dövlət katibi Mayk Pompeo, Baş Qərargah rəisi General Mark Miley olub.
Qəzet yazır ki, rəsmilər “prezidenti hərbi zərbə təklifini həyata keçirmək təklifindən daşındırıb”, ona xəbərdarlıq ediblər ki, bu addım onun prezidentliyinin son həftələrində münaqişəni genişləndirə bilər.
Buna da bax: Bayden deyir ki, COVID-dən daha çox amerikalı ölə bilər, əgər...
“Variantlar istədi”
Noyabrın 17-də ABŞ rəsmisi “Reuters” agentliyinə məlumatı təsdiqləyib.
“O, variantlar istədi. Ona ssenarilər verdilər və sonucda fikrindən daşınıb”, – rəsmi deyib.
İddia olunur ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın uran zənginiləşdirməni davam etdirməsi haqda hesabat yayandan sonra Tramp belə bir sualla çıxış edib.
Ağ ev məlumatı şərh etməyib.
Buna da bax: Pompeo Gürcüstana gəlir
Mümkün hücum hədəfi Natanz obyekti ola bilərdi. BAEA-nın bildirməsinə görə, indi bu obyektdə 2015-ci il nüvə sazişində nəzərdə tutulandan “12 dəfə çox uran ehtiyatı” var. Tramp Tehranın böyük dövlətlərlə imzaladığı həmin sazişdən 2018-ci ildə çıxıb.
Tramp 3 noyabr seçkisində məğlubiyyətini qəbul etmir, seçkinin nəticələrini mübahisələndirir. Yanvarın 20-də hakimiyyətə Demokrat partiyasından prezident seçilmiş Co Bayden gəlməlidir.
Baydenin keçid komandası məsələni şərh etməyib.
Tramp administrasiyası keçid prosesini başlamaqdan imtina edir, Baydenin komandasının milli təhlükəsizliklə bağlı kəşfiyyat məlumatlarına çıxışını əngəlləyir.