Koronavirusla bağlı ciddi qərarlardan danışılır

Xəstəxana

"9 ayda çarpayı fondu dəfələrlə artırılıb"

"Ölkədə son 9 ay ərzində çarpayı fondu dəfələrlə artırılıb". Bunu bu gün, dekabrın 2-də keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

"Səhiyyəsi ən inkişaf etmiş ölkələrdə belə çatışmazlıqlar mövcuddur. Tendensiya bu şəkildə davam edərsə, ölkəmizdə də bu çətinliklərlə rastlaşacağıq", - deyə o vurğulayıb.

Son günlər sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələri xəstəxanalarda yerləşdirməyin mümkün olmadığı barədə tez-tez şikayətlərə rast gəlmək mümkündür. Hətta onlara bəzən tibbi dəstək verilmədiyi ilə də bağlı iddialar səslənir. Rəsmi qurumlar, hələlik, belə şikayətləri əsaslı saymırlar.

Buna da bax: 'Ürəyi sıxıldığı üçün' evdən çıxan koronavirus xəstələri. Onlar cəzalanırmı?

"Sərt tədbirlərə əl atmalıyıq"

"Ciddi qərarların qəbuluna ehtiyac var". Bunu da dekabrın 2-də keçirilən brifinqdə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

"Azərbaycanda mütləq sərt tədbirlərə əl atmalıyıq. Bu olmazsa, xəstəxanalarda yer qalmayacaq", - A.Allahverdiyev qeyd edib. Onun fikrincə, iki həftəlik sərt tədbirlərdən sonra virusu kontrol altına almaq lazımdır.

Koronavirusla bağlı Azərbaycanda bu il martın 24-də xüsusi karantin rejimi tətbiq olunub. Bu müddət ərzində rejim bəzən sərtləşdirilib, bəzən də yumşaldılıb. Hazırda ölkənin yalnız bəzi bölgələrində sərt karantin rejimi hökm sürür.

Buna da bax: '190 manat yardım heç nədi. 300 manat ev kirəsi verirəm'

3942 yeni yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3942 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 37 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 129544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib, aktiv xəstə sayı 48912 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 17411, ötən müddət ərzində isə ümumilikdə 1763609 test aparılıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.