Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4381 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3658 nəfər sağalıb.
Bu məlumatı dekabrın 11-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 47 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 167155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103550 nəfər müalicə olunaraq sağalıb, 1840 nəfər vəfat edib, aktiv xəstə sayı 61765 nəfərdir".
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 16282, ötən müddət ərzində isə ümumilikdə 1918866 test aparılıb.
Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Üç gün öncə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.
Azərbaycanda bu virusa ilk yoluxmanın fevralın 28-də aşkarlandığı açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.