Son günlər Qarabağ ətrafında baş verənlər

Qarabağdakı Rusiya sülhməramlılarının yeni xəritəsi, 13 dekabr 2020

Qarabağda yerləşən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərin xəritəsində yenidən dəyişiklik olub.

Xəritədə ərazinin miqyası artıb. Rusiya Müdafiə Nazirliyi dekabrın 13-də yenilənmiş xəritəni dərc edib. Genişlənən əraziyə Xocavənd rayonunun iki kəndi- Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yollar daxildir.
AzadlıqRadiosunun erməni xidmətinin verdiyi məlumata görə, dekabrın 12-də Ermənistan baş nazirinin sözçüsü özünün facebook səhifəsində adı çəkilən kəndlərdə Azərbaycan və Ermənistan əsgərləri arasında toqquşmaların olduğu barədə məlumat paylaşıb.

Radionun məlumatına görə, dekabrın 13-ü səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin artıq adı çəkilən kəndlərə daxil olduğunu bildirib.

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da dekabrın 11-də adı çəkilən kəndlər ətrafında atəşkəsin pozulduğunu və hazırda həmin vəziyyətin normallaşdığını deyib.

Azərbaycanın Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidməti də elə həmin gün, dekabrın 13-də birgə məlumat yayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəliklərdə “bəzi erməni hərbi birləşmələrinin qaldığını, onların Azərbaycan hərbçilərinə və ərazidə işləyən mülki şəxsələrə qarşı terror-təxribat əməlləri törədildiyini” bildirib.

Amma birgə məlumatda Ermənistan mənbələrində qeyd olunan kəndlərin deyil, Xocavənd rayonu Sur kəndinin adı çəkilir.

“2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.”

Hələki, Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərin xəritəsindəki dəyişikliklərə Azərbaycanın rəsmi qurumları münasibət bildirməyiblər.

N. Paşinyan: “Rusiya sülhməramlıları əraziyə böyük qüvvələrlə girdi”

Nikol Paşinyan, Yerevan, 11 dekabr 2020

Dekabrın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasın iclasında da adı çəkilən kəndlərlə bağlı məsələlərdən danışıb. O bildirb ki, artıq həmin ərazilər Rusiya sülhməramlılarının nəzarətindədir.

“Bu gün səhərdən etibarən Rusiya sülhməramlıları əraziyə böyük qüvvələrlə girdi. Hazırda vəziyyət nisbətən stabildir, heç olmasa orada sülhməramlıların olması daha da gərginləşmənin qarşısını almaq ehtimalının yüksək olduğuna inam yaradır" deyə baş nazir bildirib.

Noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Qarabağda hərbi əməliyyatların dayandırlması il bağlı 10 bənddən ibarət birgə bəyanat imzalayıblar.

Həmin bəyatda yer alan bəndə uyğun olaraq 2000-ə yaxın Rusiya hərbçisi Qarabağa daxil olub və ərazidə 23 müşahidə məntəqəsi yaradılıb. Bundan başqa Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə gələn Laçın dəhlizi də Rusiya hərbçilərinin nəzarətinə keçib.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da əldə edilən razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.