“The New York Times” qəzeti Dağlıq Qarabağ müharibəsinin səbəb olduğu travma və dağıntılardan söz açan məqalə dərc edib.
Qəzet Azərbaycan silahlı qüvvələrinin bu ilin oktyabrında Ermənistan işğalından azad etdiyi Füzuli rayonu ərazisinin 1-ci Dünya müharibəsinin döyüş zonasını xatırlatdığını qeyd edir. Yol boyunca səngərlər və bunkerlər gözə dəyir, kəndlər xarabalığa çevrilib, malikanələrin yerində ağ daşlar qalıb, daşına bilən hər bir şey – dam örtükləri, qapılar, pəncərə çərçivələri çıxarılıb aparılıb. Yol boyunca Ermənistan dağıdılmış tanklarına və digər zirehli texnikasına da rast gəlinir.
Buna da bax: Türkiyə Qarabağ müharibəsindən nə qazandı – Qərb mediası
“Mənim üçün çox çətin olacaq”
Məqalədə deyilir ki, vaxtilə 30 min nəfərin yaşadığı Füzuli şəhəri indi meşəyə çevrilib. Daha yuxarıda yerləşən Ağdam şəhəri də viranə qalıb.
“Onları bağışlamaq mənim üçün çox çətin olacaq”, – 47 yaşlı ordu veteranı Elməddin Səfərov Ağdamın dağıntılarına baxaraq deyib. Burada o, 17 qohumunu itirib.
Qəzetin əməkdaşı Qarabağda ermənilərin nəzarətində qalan ərazilərə də baş çəkib. Bəziləri 60 yaşlarında olan könüllü erməni əsgərləri sükut və kədər içində komandirə qulaq asırlar. 63 yaşlı istefada olan polkovnik Artur Aleksanyan onlara evə dönmək zamanı gəldiyini deyir.
“Hər şey hələ indi başlayır. Əminəm ki, torpaqlarımıza qayıdacağıq”, – o, yumşaq səslə danışır.
1990-cı illər müharibəsində yaralanmış Aleksanyan deyib ki, səhvləri təhlil edəndən sonra qayıdacaqlar. “Bütün dünya erməniləri arxamızdadır”, – o vurğulayıb.
Buna da bax: Cəbhədə indi nə baş verir?
Birgə yaşayış mümkündürmü
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı 61 yaşlı Vaqif Həsənov erməni qüvvələrin şəhəri dağıtması haqda deyir ki, “onlar türkləri və müsəlmanları yaralamaq istəyirdilər”. Ermənilərin şəhərə qayıtmasına təsəvvürünə gətirə bilirmi sualına isə kəsə “yox” cavabını verib.
Məqalədə qeyd olunur ki, Azərbaycan rəsmiləri ölkə ərazisində yaşayan ermənilərə barışıq və bərabər status təklif etsələr də, bunun gerçəkləşəcəyinə çox az adam inanır.
Ermənistanın birinci prezidentinin müşaviri olmuş Gerard Libaridyanın fikrincə, “ermənilərin Azərbaycanın idarəçiliyi altında yaşamaq istəməsinə səbəb yoxdur”. “Bu, idarəçilik deyil, hökmranlıq olardı”, – Miçiqan Universitetinin təqaüddə olan professoru Libaridyan deyib.
Qəzet yazır ki, ermənilərin çoxu Dağlıq Qarabağın müstəqil ölkə kimi tanınması uğrunda mübarizəni davam etdirəcəyini deyir. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət bu regionu Azərbaycanın tərkib hissəsi sayır.
Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.