ABŞ-da prezident seçkisindən altı həftə sonra Rusiya Prezidenti Vladimir Putin sükutu pozaraq Co Baydeni qələbəsi münasibətilə təbrik edib. Dekabrın 14-də Seçici Kollegiyası Baydenin seçkidə qalib gəldiyini rəsmən təsdiqləyib.
Kremlin vebsaytında dekabrın 15-də yerləşdirilmiş məlumatda deyilir ki, Putin Baydenə təbrikində iki ölkənin “ziddiyyətləri kənara qoyaraq dünyanın bu gün üzləşdiyi bir çox problemlərin həllinə həqiqətən kömək edəcəyinə” ümidini ifadə edib.
Putin Baydenə uğur arzulayıb. “Öz tərəfimdən əməkdaşlığa və sizinlə təmaslara hazıram”, – o əlavə edib.
Buna da bax: Baydenin qələbəsi rəsmən təsdiqlənir, Barr istefa verir
Bir müddət öncə Putinin sözçüsü deyirdi ki, Baydenin qələbəsi rəsmən təsdiqlənmədiyi üçün dövlət başçısı onu təbrik etməyə tələsmir.
Dekabrın 14-də Seçici Kollegiyası Baydenin 306, Prezident Donald Trampın isə 232 səs qazandığını bəyan etməklə keçmiş vitse-prezidentin qələbəsini rəsmiləşdirib.
“Bərabərlik və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq”
Tramp seçkinin nəticələrini mübahisələndirən onlarla məhkəmə iddiası qaldırmışdı, dəlil göstərmədən seçki saxtakarlığından danışırdı. O, bütün iddiaları uduzub, Ali Məhkəmə iki dəfə bəzi həlledici ştatlarda nəticələrin ləğv olunmasıyla bağlı iddiaları rədd edib.
Buna da bax: ABŞ Türkiyəyə sanksiyalar qoydu
Putin təbrikində qeyd edir ki, “bərabərlik və qarşılıqlı hörmətə əsaslanan Rusiya-Amerika əməkdaşlığı hər iki ölkənin və bütünlükdə beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olacaq”.
Baydenin Trampla müqayisədə insan haqları və xarici siyasət məsələsində Kremlə qarşı daha sərt mövqe tutacağı gözlənir.
O, Putini dəfələrlə Rusiyanın “məkrli hərəkətləri”nə görə tənqid edib, qonşularına təcavüz, xarici ölkələrdə seçkilərə müdaxilə etdiyini deyib, Bu yaxınlarda isə Moskvanı “opponent” adlandırıb.
Ümumxalq səsverməsində respublikaçı Trampdan 7 milyondan çox səs toplayan Bayden yanvarın 20-də and içəcək.