Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti-80 ünvanında yaşayan Elmina Sultanova koronavirusun yayıldığı bir vaxtda 10-yaşlı qızı ilə birlikdə zorla evindən çıxarıldığını deyir. Bu haqda AzadlıqRadiosuna danışan E.Sultanova baş verənlərə görə Nəsimi rayonunun icra başçısı Asif Əsgərovu, məmur özbaşınalığına göz yumduğuna görə isə ölkə rəhbərliyini günahlandırır.
E.Sultanova uzun illərdir ki, sözügedən ünvandakı dördmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Həmin ünvanda bir neçə bina var. "Fədək" MMC onları söküb, yerində çoxmərtəbəli yaşayış binaları tikir. Şirkət yeni tikililərdə mənzillə təmin etmək, evlər hazır olana qədər isə pulunu ödəmək şərti ilə sakinləri köçürür.
Buna da bax: İcra hakimiyyəti ilə evindən çıxmaq istəməyən sakinlər arasında qalmaqal"Bunlara necə inanım?"
Amma bir neçə mənzil sahibi var ki, bu şərtlərlə razılaşmır. Onlardan biri də E.Sultanovadır. O, razılaşmamasını belə əsaslandırır: "Birincisi, onlara inanmıram. Qonşumuz Fəridə Səfərovanın kirayə pulunu neçə aydır ki, ödəmirlər. Müqavilə şərtlərinə əməl eləmirlər. Buna görə iş məhkəmədədir. Şirkətin təsisçilərindən Yavər Qurbanov bundan əvvəl də tikinti dələduzluğuna görə məsuliyyətə cəlb edilib. Bunlara necə inanım? İkincisi, mən mənzilimi satıb Rusiyaya – anamın, qardaşımın yanına getmək istəyirəm. Qanunun işləmədiyi, özbaşınalıq hökm sürdüyü belə ölkədə yaşamaq istəmirəm".
"Fədək" MMC-nin təsisçilərindən Y.Qurbanov əvvəllər "Eyfel" MMC-nin rəhbəri olub. 2009-cu ildə onun haqqında CM-in 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Səbəb isə şirkətin inşa etdirdiyi binada bir mənzilin bir neçə nəfərə satılması olub.
"Şirkət bir kənarda qalıb"
E.Sultanova və qızı dekabrın 15-də mənzildən çıxarılıb. Onun sözlərinə görə, günorta saatlarında öncə polis əməkdaşları evinə gəlib, ondan mənzili tərk etməsini tələb ediblər. Lakin o, razılaşmayıb: "Bir neçə dəqiqə sonra əllərində ling, balta olan bir neçə nəfər zorla mənzilə soxuldu. Biz evdə ola-ola sökməyə başladı. Bir neçə adam da əşyalarımızı zorla qutulara yığıb özləri gətirdiyi maşınlara daşıyırdılar. Polislər də dayanıb mənə nəzarət edirdi ki, müqavimət göstərməyim. Qızım çox böyük stress keçirdi, uşaq qorxudan əsirdi...".
Buna da bax: 'Gənclik'dəki villa üstündə qalmaqalMülkiyyətçinin sözlərinə görə, onun əşyalarını şirkət rəhbərliyinin kirayələdiyi mənzilə daşıyıblar. E.Sultanova vurğulayıb ki, mənzildən köçürülmə ilə bağlı məhkəmə yekun qərar vermədiyi halda, vətəndaşın zorla öz evindən köçürülməsi ölkədə qanunların işləmədiyinin sübutudur. Onun fikrincə, "Fədək" MMC bu işi təkbaşına görə bilməzdi, baş verənlərin arxasında Nəsimi rayonunun icra başçısı Asif Əsgərov dayanır: "Şirkət bir kənarda qalıb, evindən çıxmaq istəməyən vətəndaşları icra hakimiyyəti məhkəməyə verib. İcra hakimiyyətinin marağı nədir? Deməli, ad "Fədək"dir, əslində, bu işləri görən icra başçısıdır. Prezident Administrasiyasına səkkiz gün ardıcıl teleqram vurdum. İki dəfə Mehriban xanımın qəbuluna yazıldım, onlayn qaydada problemi çatdırdım. Amma heç bir reaksiya yoxdur. Ölkə rəhbərliyinin göz yumması məmur özbaşınalığına rəvac verir".
"Uşağa qarşı bu rəftara heç bir ad vermək olmur"
Nəsimi rayon İcra Hakimiyyəti Azadlıq prospekti-80 ünvanında mənzilini tərk etmək istəməyən mülkiyyətçiləri məhkəməyə verib. Nəsimi rayon Məhkəməsi icra hakimiyyətinin iddiasını təmin edib – vətəndaşların köçürülməsi, yeni binalar hazır olana qədər "Fədək" MMC-nin hesabına kirayədə qalması barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı ləğv edib. İcra hakimiyyətinin kassasiya şikayəti əsasında Ali Məhkəmə bu ilin sentyabrında apellyasiya instansiyasının qərarını ləğv edib. İş təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Buna da bax: 'Sovetski' sakinləri başçı ilə görüş istəyir"Apellyasiya məhkəməsində iş hakim Ziya Şirinovun icraatındadır. Dekabrda baxılmalıydı. Pandemiya ilə əlaqədar məhkəmə prosesləri təxirə salındığına görə bu iş də yanvarın 6-na qaldı. Faktiki, yekun məhkəmə qərarı yoxdur. Belə bir vəziyyətdə vətəndaşın zorla evindən çıxarılması rəzalətdir. Qışın günündə, virus tüğyan elədiyi bir vaxtda vətəndaşa, 10-yaşlı uşağa qarşı bu rəftara heç bir ad vermək olmur", – E.Sultanovanın vəkili Fuad Ağayev AzadlıqRadiosuna belə deyib.
Nəsimi rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna bildirilib ki, sözügedən ünvandakı bina qəzalı vəziyyətdə olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin də rəyi var. Ona görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov 23 iyun 2017-ci il tarixli, 172 saylı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, bina qəzalı olduğuna görə sökülməli, yerində çoxmərtəbəli yaşayış binası tikilməlidir. Bu məqsədlə də binanın yerləşdiyi torpaq sahəsi 49 illik "Fədək" MMC-yə icarəyə verilib.