"Tərtər işi" üzrə həbs olunan şəxslərin işinə Azərbaycanda hər üç məhkəmə instansiyalarında baxılıb və çıxarılan hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Uzunmüddətli həbs cəzasına məhkum edilmiş bu şəxslərin bir qismi Avropa Məhkəməsinə şikayət edib və ərizələrinə Strasburqda nə vaxt baxılacağını gözləyir.
Eyni zamanda, ölkə daxilində də təkrar məhkəmələrə müraciət edərək cəzalarının qanunvericiliyə olunan dəyişikliklərə uyğunlaşdırılmasını istəyiblər. Son illərdə Azərbaycanda Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilib, cəzalar yumşaldılıb. Sonuncu dəyişiklik bu il iyulun 1-də qüvvəyə minib.
17 illik cəza 3 ay azaldılıb
"Tərtər işi" üzrə həbs olunanlardan bir neçəsinin tənzimləmə ilə bağlı müraciətlərinə baxılıb. Bəzilərinin ərizəsinə baxılması isə pandemiya ilə əlaqədar təxirə salınıb.
17 il azadlıqdan məhrum edilmiş Zaur Abdullayevin işinə bu ilin noyabrında Nizami rayon Məhkəməsində baxılıb və cəzası 3 ay azaldılıb. Onun yaxınları AzadlıqRadiosuna bildirib ki, prokurorluq bundan da narazı qalaraq apellyasiya protesti verib: "Günahsız adama 17 il cəza verməkləri azmış kimi, 3 ay azaldılmadan da narazıdırlar. Azaldılma ilə əlaqədar bu işə yenidən apellyasiya məhkəməsində baxılmalıydı. Amma koronavirusa görə məhkəmələr keçirilmir".
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, dövlət ittihamçısı Ceyhun Mirzəyev Z.Abdullayev haqqında qərardan protest verib: "İş hakim Ramin Qurbanovun icraatındadır. Məhkəmə iclası yanvarın 8-nə təyin edilib. Amma məhkəmə iclasının baş tutub-tutmayacağı məlum deyil. Pandemiya ilə əlaqədar bir çox iclaslar təxirə salınıb".
Azı 9 nəfər işgəncədən ölüb
Z.Abdullayev də daxil, "Tərtər işi" üzrə həbs olunan 25 nəfərə CM-in 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150 (seksual xarakterli zorakılıq hərəkətləri), 274 (dövlətə xəyanət), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) və başqa maddələri ilə ittiham irəli sürülüb. Onların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını bildiriblər.
25 nəfərin işi bir neçə qrupa ayrılaraq hissə-hissə məhkəməyə göndərilib. Bu məhkəmələrin hamısı qapalı keçirilib. Bu da məhkəmə iclaslarında dövlət sirri və hərbi sirr hesab olunan məlumatların açıqlanmasıyla izah edilib.
2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq bəyan etmişdi ki, bu hərbçilər Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluğa görə həbs olunub.
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, "Tərtər işi" üzrə 100-dən çox hərbçi işgəncələrə məruz qalıb, nəticədə azı 9 nəfər işgəncədən ölüb. Ölənlərdən bəzilərinə sonradan bəraət verilib.
İşgəncə faktı da rəsmi şəkildə təsdiqlənib və bununla əlaqədar da ayrıca cinayət işi başlanıb.