ABŞ-ın 10 keçmiş müdafiə naziri Pentaqonu hakimiyyətin dinc keçidinə çağırıb, keçidə ABŞ ordusunu cəlb etməməklə bağlı xəbərdarlıq ediblər.
Pentaqonun keçmiş rəhbərlərinin imzasıyla rəy yanvarın 3-də “The Washington Post” qəzetində dərc olunub. Onlardan ikisini vəzifəyə Prezident Donald Tramp təyin edib.
ABŞ-da seçkilər və hakimiyyətin dinc keçidi “demokratiyamızın sütunudur”, keçmiş nazirlər yazırlar. Onlar hazırda Pentaqon rəhbəri vəzifəsini icra edən Kristofer Milleri Trampın prezident postunda qalmaq cəhdlərində rol oynamamağa səsləyirlər.
Buna da bax: ABŞ bombardmançıları Fars körfəzi üzərində uçub
“Seçki mübahisələrinin həllinə ABŞ silahlı qüvvələrini cəlb etmək cəhdləri bizi təhlükəli, qanunsuz və qeyri-konstitusion məkana aparar”, – onlar yazırlar və əlaqə edirlər ki, bunu etməyə çalışanlar ağır peşəkar və kriminal fəsadlarla üzləşə bilərlər.
Nəticələri mübahisələndirmək zamanı keçib...
Rəyə hazırda həyatda olan 10 keçmiş müdafiə naziri imza atıb: Eşton Karter, Leon Panetta, Uilyam Perri, Dik Çeyni, Donald Ramsfeld, Uilyam Koen, Robert Qeyts, Çak Hagel, Ceyms Matis və Mark Esper. Matis və Esperi vəzifəyə Tramp təyin edib.
Keçmiş nazirlər qeyd edirlər ki, keçid məqamında ölkə ABŞ milli təhlükəsizliyində hər hansı qeyri-müəyyənlikdən “yararlanmaq istəyən düşmənlərin qarşısında” zəif duruma düşə bilər. Bu səbəbdən “Müdafiə Departamenti tərəfindən keçid tam, əməkdaşlıq çərçivəsində və şəffaf şəkildə həyata keçirilməlidir”.
Buna da bax: Tramp yardım paketini imzaladı
Onların mövqeyincə, 3 noyabr seçkisinin nəticələrini mübahisələndirmək zamanı keçib, bir neçə günə yeni Konqres Seçici Kollegiyasının səslərini rəsmən saymağa başlayacaq.
ABŞ-ın seçki sisteminə görə, seçicilər səsini kollegiya üzvünə verir, onlar da nəticəni ratifikasiya edir. Seçici Kollegiyası dekabrın 14-də Demokrat Partiyasından Co Baydenin qələbəsini tanıyıb. Konqres isə yanvarın 6-da birgə sessiya zamanı Seçici Kollegiyasının səslərini sayacaq. Bu əslində, formal prosedur olsa da, bu il önəm daşıyır. Çünki Trampın Konqresdəki respublikaçı müttəfiqləri Baydenin qələbəsinin ləğvinə çalışacaqlarını deyirlər.
Buna da bax: Baydenin komandasına milli təhlükəsizliklə bağlı informasiya ‘verilmir’
10 günlük təcili audit tələb edirlər
Trampın seçkidə saxtakarlıqla bağlı əsassız iddialarını əsas gətirən respublikaçılar deyirlər ki, xüsusi komissiyanın yaradılmasını, bəzi ştatlarda seçkinin nəticələrinin “10 günlük təcili auditi”nin keçirilməsini tələb edəcəklər.
Bu addımla bağlı respublikaçıların idarə etdiyi Senatda və demokratların nəzarətində olan Nümayəndələr Palatasında səsvermələr keçiriləcəyi, ancaq alınmayacağı gözlənir.
Tramp Baydenin qələbəsini tanımaqdan imtina edib, bir çox ştatlarda nəticələri mübahisələndirib.
Yanvarın 3-də “Washington Post” Trampın Corciya ştatının aparıcı seçki rəsmisi ilə danışdığı iddia olunan telefon zəngindən hissələri yayıb. Tramp həmin şəxsə deyir ki, onun ştatda qələbəsini təmin edəcək yetərincə seçici səsinin “tapılmasını” istəyir.
Trampın qaldırdığı məhkəmə iddialarının demək olar hamısının rədd olunmasına baxmayaraq, o hələ də seçki saxtakarlığı iddialarını davam etdirir.