Demokrat partiyasından Co Bayden yanvarın 20-də ABŞ-ın yeni prezidenti kimi and içəcək. O, prezidentliyinin ilk ilində böyük bir “Demokratiya Sammiti” keçirməyi vəd edib. Məqsədi Prezident Donald Trampın avtoritar dövlət başçılarına doğru meyllənməsinə qarşı olduğunu göstərməkdir. Berlindəki Amerika Akademiyasının prezidenti Daniel Bencamin “Politico” dərgisində yazır ki, Bayden yaxşı olar bu sammit ideyasını bir kənara qoyub Avropaya baxsın. Çünki Avropanın demokratik göbəyində irinləyən avtoritarizmə diqqət ayırmağın vaxtı çatıb.
Bəzi siyasi təhlilçilərin fikrincə, bu tədbirə kimləri dəvət etmək problemə çevrilə bilər. Digər tərəfdən, ABŞ-ın demokratik standartlarına uyğun gəlməyən, ancaq faydalı ola biləcək tərəfdaşların ağzından vurmaq ölkəyə növbəti seçkilərədək başağrısı yaradar.
Buna da bax: ABŞ və Azərbaycan Rusiyanın Avropadakı qaz bazarını daraldacaq – Qərb mediası
Demokratlara mesaj
“Belə bir tədbirə aylar sərf edənəcən, Bayden vəzifəyə keçəndən sonra ilk həftələr ərzində avtoritarizmin yayılmasına güclü zərbə vura bilər: O, Avropada demokratik normaların altını qazanlara – Macarıstanın Baş naziri Viktor Orban və onun Fidesz partiyasına, Polşanın de fakto lideri Yaroslav Kaçinskiyə və onun Hüquq və Ədalət Partiyasına birmənalı mesaj göndərə bilər ki, Birləşmiş Ştatlar Avropa Birliyində çoxluğun hüququn aliliyinə əməl etməyənləri cəzalandırmaq cəhdlərini tam dəstəkləyir... Bayden aydın şəkildə deməlidir ki, Birləşmiş Ştatlar AB-nin Budapeşt və Varşavada demokratik idarəçiliyin zəiflədilməsinə görə siyasi təzyiqi artırmaq cəhdlərini dəstəkləməyə hazırdır”, – müəllif yazır.
Müəllif ABŞ-ın demokratiyaya yönəlik cəhdlərinin niyə Polşa və Macarıstan kimi çox da böyük olmayan ölkələrə fokuslanmalı olduğunu da izah edir. Məsələn, niyə axı, dramatik şəkildə avtoritarizmə meyllənən, yüzmilyonlarla insanın hüquqlarına təhdid yaranan Hindistana deyil?
Buna da bax: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ alırlar
Bunun ən böyük səbəbi Macarıstan və Polşanın Avropada digərləri üçün cazibədar yol açmasıdır. Məqalədə deyilir ki, son illər Çexiya, Sloveniya, İtaliya və digər ölkələrdə siyasi liderlər Orbanizmə, başçısının fəxrlə “qeyri-liberal demokratiya” adlandırdığı Macarıstan modelinə qucaq açır. Müəllifin fikrincə, ABŞ-ın mesajı Macarıstanda, Polşada və digər yerlərdə hökumətlərin davamlı olaraq hüquqlarını tapdaladığı demokratiya fəallarının ruhunu dirçəldə bilər.
Bayden müdaxilə edəcəkmi
“Project-Syndicate” portalında Harvard Universitetinin professoru Joseph S. Nye yazır ki, Amerika daim xarici siyasətində daxili və xarici oriyentasiyalar arasında tərəddüd edib.
Buna da bax: İran hərbi dronlarla təlimlərə başlayıb
Prezident Corc Buş intervensionist idi; varisi Barak Obama ondan fərqlənirdi. Donald Tramp haqda isə qeyri-intervensionist demək olar. Bəs Co Baydendən nə gözləməli?
Soyuq Müharibə bitəndən Birləşmiş Ştatlar yeddi müharibə və hərbi müdaxilədə iştirak edib. Digər tərəfdən, liberal və humanitar intervensiya Amerika üçün yeni məsələ, yaxud yalnız ona xas deyil.
“Viktoriyan Britaniyasında quldarlığa, Belçikanın Konqoda törətdiklərinə, Osmanlının Balkanlarda azlıqlara repressiyasına son qoymaqdan ötrü gücə əl atmaq müzakirə olunurdu. Bu, Vudrou Vilson dünyada demokratiyanı daha təhlükəsiz etmək niyyətilə 1-ci Dünya müharibəsinə girəndən çox-çox əvvəl baş vermişdi. Yəni, Baydenin probleminə indiyədək görünməmiş demək olmaz”, – müəllif yazır.
Məqalədə praktik baxımdan hərbi müdaxilənin riskli alət olduğu qeyd edilir. Obama Liviyada gücə əl atsa da, Suriyada bunu etmədi. Tramp və Hilari Klinton 2016-cı ildə deyirdilər ki, ABŞ-ın Suriyada kütləvi qırğınları önləmək öhdəliyi vardı. Ancaq heç biri hərbi müdaxiləni təşviq eləmədi. Elə 2020-ci il seçki kampaniyasında da xarici siyasət çox müzakirə olunmadı.
“Bayden təhlükəsizliyin, demokratiya və insan haqlarının irəliləməsi üçün müdaxiləyə necə yanaşacaq? Onun yaxşı mühakimə və kontekstual bilik tarixçəsində bəzi ürəkləndirici məqamlar var. Ancaq onu da unutmamalıyıq ki, bəzən sürprizlər baş verə, hadisələr nəzarəti ələ ala bilər”, – müəllif qeyd edir.