Prezident Donald Tramp ilk dəfə olaraq deyib ki, Demokrat Partiyasından Co Bayden ölkənin 46-cı prezidenti kimi and içəcək. O, Kapitoli binasında ötəngecəki zorakılıqdan sonra hakimiyyətin “nizamlı” keçidini vəd edib.
Tramp açıqlamanı yanvarın 7-də, Konqres Baydenin qələbəsini təsdiqləyəndən sonra verib
“Seçkinin nəticəsilə qətiyyən razılaşmamağıma, faktların da bunu təsdiqləməsinə baxmayaraq, yanvarın 20-də nizamlı keçid olacaq”, – Tramp bildirib.
Prezidentdən bu açıqlama çoxdan gözlənirdi, 3 noyabr seçkisindən sonra o, uduzduğunu boynuna almır, seçki saxtakarlığı haqda əsassız iddialar səsləndirirdi.
Buna da bax: Tramp vəzifədən daha tez kənarlaşdırıla bilərmi
Konqres Baydenin qələbəsini təsdiqləyir
ABŞ Konqresi birgə iclasında Seçici Kollegiyasının səslərinin sayılmasını bitirərək Demokrat Partiyasından Co Baydenin noyabrın 3-də hazırkı prezident Donald Tramp üzərində qələbə qazandığını təsdiqləyib.
Bu, ABŞ-da seçki prosesində son addımdır. Bayden və onun vitse-prezidenti seçilmiş Kamala Harris yanvarın 20-də and içməlidirlər.
Bayden Seçici Kollegiyasından 306, Tramp isə 232 səs alıb.
***
Konqresmenlər respublikaçıların ilk etirazını rədd edirlər
ABŞ Senatı və Nümayəndələr Palatası bir qrup respublikaçı konqresmenin Arizonada seçkinin nəticəsinin təsdiqlənməsinə etirazını rədd edib. Konqres Prezident Donald Tramp tərəfdarlarının binaya basqınından sonra iclası davam etdirir.
Respublikaçıların prosesə bir neçə etirazı gözlənir. Konqres Seçici Kollegiyasının səslərini sayır. Bu, 3 noyabr seçkisində prezident seçilmiş Co Baydenin qələbəsinin təsdiqlənməsi üçün formal prosedurdur.
Buna da bax: ABŞ Konqresinin sessiyası işini davam etdirir
Konqresə basqın zamanı bir qadın aldığı güllə yarasından xəstəxanada keçinib. Onun Trampın qatı tərəfdarı olduğu bildirilir. Vaşinqton polisi daha üç nəfərin “səhhətində xüsusi vəziyyət”dən dolayı öldüyünü bildirir.
Respublikaçıların Baydenin vəzifəyə keçməsinə əngəlləyə biləcəyi real görünmür. Çünki Nümayəndələr Palatasına demokratlar nəzarət edir və yetərli sayda respublikaçı bu addıma qarşı çıxır.
Arizona ştatıyla bağlı respublikaçıların addımına qarşı Nümayəndələr Palatası 303-121 səs fərqiylə qarşı çıxıb. Respublikaçıların nəzarətində olan Senatda isə səsvermənin nəticəsi 93-6 olub.
Dörd saatlıq zorakılıqdan sonra Kapitoli binası təhlükəsiz elan olunub.
***
Tramp tərəfdarlarından dördü ölüb
Vaşinqton polisi ABŞ-da Kapitoli binasına basqın zamanı Prezident Donald Trampın dörd tərəfdarının öldüyünü bildirir. Basqın Konqres Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləyən zaman gerçəkləşib.
“Ölümün səbəbini bilmirik, tibbi vəziyyətdə xüsusi halın yarandığını düşünürük”, – Vaşinqton Metropolitan Polis Departamentinin rəhbəri Robert Konti yanvarın 7-də üç ölümlə bağlı deyib.
Buna da bax: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ alırlar
“Güllədən bir nəfər ölüb… o, hadisə yerindən xəstəxanaya aparılıb”, – o, aldığı yaralardan ölmüş dördüncü qurban haqqında söyləyib.
Konti basqınla əlaqədar 52 nəfərin saxlandığını, iki əldəqayırma bombanın aşkarlandığını bildirir. Bombalardan biri Demokratik Milli Komitənin, digəri Respublikaçı Milli Komitənin binaları yaxınlığında tapılıb.