Eldar Həsənov ayrıseçkiliyə məruz qaldığını iddia edir

E.Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri, ötən ilin avqustundan həbsdə olan Eldar Həsənov ayrıseçkiliyə məruz qaldığını düşünür. Çünki onunla eyni cinayət işi üzrə həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldığı halda, ona münasibətdə eyni addım atılmır. Bu barədə AzadlıqRadiosuna E.Həsənovun vəkili Adəm Məmmədov danışıb.

E.Həsənov ötən ilin yayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatdan sonra korrupsiya halları ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Eyni iş üzrə təqsirləndirilən, nazirliyin İşlər idarəsinin müdiri və Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və digərləri ev dustaqlığına buraxılıb. E.Həsənovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına, yaxud girov müqabilində buraxılması haqda vəsatətlər isə təmin olunmayıb.

"Xarici İşlər Nazirliyində vəzifə sahibi olmuş şəxslər ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılsalar da, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş Eldar Həsənov hələ də həbsdə saxlanılmasının ona qarşı ayrıseçkilikdən irəli gəlməsinin fərqindədir", - vəkil belə deyir.

A.Məmmədov müvəkkilinin səhhətində ciddi problemlər olduğunu, onun dözülməz ağrılardan əziyyət çəkdiyini vurğulayıb. Vəkilin sözlərinə görə, E.Həsənov təcili əməliyyat olunmasa, həyatını itirə bilər.

Müdafiəçi deyir ki, keçmiş səfir prezident İlham Əliyevin onunla bağlı baş verənlərdən məlumatsız olduğunu düşünür: "Əminliklə deyir ki, yaxından tanıdığı prezident İlham Əliyev səhhətində ciddi problemləri, dözülməsi mümkünsüz ağrıları olan 66-yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa, heç vaxt belə qeyri-humanistliyə imkan verməz".

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənov avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin isidən ayrılaraq istintaq davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

E.Həsənova qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

E.Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Vəkili deyir ki, o, qanunsuzluğa və ədalətsizliyə etiraz olaraq istintaqda ifadə verməkdən də imtina edib.