Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və həyat yoldaşı Samara Seyidovanın mənzillərinin güdülməsi, rabitə və internet xidmətlərinin dayandırılması ilə bağlı şikayətlərinə yerli məhkəmələr baxmaqdan imtina edib. Ona görə də Ə.Kərimli bu məsələni Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə çıxarmağa hazırlaşır. Bu barədə AzadlıqRadiosuna partiyadan bildirilib.
2020-ci ilin aprelindən həm özünün, həm də həyat yoldaşının rabitə xidmətlərindən istifadə hüququnun məhdudlaşdırıldığını, yaşadıqları evin daim nəzarət altında saxlandığını deyən AXCP sədri bu məsələ ilə əlaqədar son 8 ayda bir neçə dəfə məhkəməyə şikayət edib. Amma hər dəfə məhkəmələr bu işin icraata götürülməsini mümkün saymayıb. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsi məsələyə nöqtə qoyaraq yekun qərar verib. Qərar da belə olub ki, bundan əvvəl məhkəmələr şikayətə mahiyyəti üzrə baxmamaqda haqlı olub. Aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb.
Buna da bax: Qələbə Əli Kərimlinin H.Əliyev haqda fikrini dəyişib? 'Çox da böyük uğur deyil'"Televizorun peyk antenası da sıradan çıxarılmışdı"
"Bu cür işlərdə apellyasiya məhkəməsi ölkə daxilində şikayət üçün son instansiya sayılır. Belə hallarda Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. Ona görə birbaşa Avropa Məhkəməsinə şikayət göndəriləcək", – Ə.Kərimlinin hüquqlarını müdafiə edən vəkillərdən biri AzadlıqRadiosuna bildirib.
Ə.Kərimli və həyat yoldaşı məhkəməyə şikayətlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azercell" mobil operatoru, "AzQtel" MMC (internet xidməti göstərən şirkət) ilə yanaşı, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətini də cavabdeh qismində qoyub.
AXCP sədri bildirir ki, 2020-ci il aprelin 13-dən həm evində, həm də özünün və həyat yoldaşının mobil telefonunda rabitə və internet xidməti dayandırılıb. Onun evinə gəlib-gedən şəxslər nəzarət altına götürülür, hətta bəziləri saxlanılır, əsassız iddialarla cərimələnir. Ə.Kərimlinin sözlərinə görə, bir müddət binanın qarşısında post qurulmuşdu, mülkigeyimli şəxslər orada gecə-gündüz keşik çəkirdi.
Buna da bax: Əli Kərimli sərbəst buraxılandan sonra ona verilən işgəncələrdən danışır"Evdə televizorun peyk antenası da sıradan çıxarılmış, 7-yaşlı oğlumun "Mədəniyyət" kanalı vasitəsilə yayımlanan dərsləri dinləmək imkanı da məhdudlaşdırılmışdı", – məhkəməyə ərizədə belə yazılıb.
İki saatlığa interneti bərpa olunub
Ə.Kərimli Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi həyata hörmət), 10 (ifadə azadlığı), 14 (ayrıseçkiliyə məruz qalmamaq) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu deyir. Avropa Məhkəməsinə şikayətində də bu pozuntuların tanınmasını istəyir.
AXCP sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna bildirib ki, yanvarın 12-də Ə.Kərimlinin mobil telefonunda internet təxminən iki saatlıq bərpa olunmuşdu: "Düşündük ki, görəsən, hökumət artıq siyasi qərar verib, aylardır davam edən biabırçılığı aradan qaldırmaq istəyir, yoxsa texniki məsələdir? İki saat keçəndən sonra məlum oldu ki, "texniki xəta" imiş. Ola bilsin, yaddan çıxıb, məhdudlaşdırmayıblar, səhvlərini düzəltdilər. Yersiz və əhəmiyyətsiz qadağanın tətbiqi davam edir".
S.Həzinin sözlərinə görə, bir neçə ay əvvəl də AXCP sədrinin rabitə əlaqəsi müvəqqəti bərpa edilmişdi. Onun fikrincə, baş verənlər sadəcə texniki məsələ deyil və siyasi qərarla həyata keçirilir.
Buna da bax: Deputat:"Əli Kərimli özünə başqa nömrə alsın""Əli Kərimli ödənişini etmədiyinə görə interneti kəsiləndə..."
Yeni Azərbaycan Partiyasının (YAP) deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə iddia edir ki, Ə.Kərimli internet ödənişini icra etmədiyinə görə xidmət məhdudlaşdırılıb.
"Əli Kərimli ödənişini etmədiyinə görə interneti kəsiləndə bunu "ölkədə demokratiya yoxdur" kimi qələmə verənlər Donald Trampın sosial şəbəkələrdə hesablarının bloklanmasını normal qarşıladılar", – S.Novruzov yanvarın 11-də belə deyib.
ABŞ prezidenti Donald Trampın bir sıra sosial şəbəkələrdə hesabları ötən həftə tərəfdarlarının Kapitoliyə basqınından sonra müvəqqəti, yaxud birdəfəlik bağlanıb. "Twitter" qərarını prezidentin iki tvitində zorakılıq riskinin olması ilə izah edib.
Ə.Kərimlinin məhkəməyə şikayətində cavabdehlərdən biri olan "Azercell" şirkəti də AXCP sədri və həyat yoldaşının mobil rabitə xidmətlərinin siyasi məqsədlərlə məhdudlaşdırılması haqda iddiaları qəbul etmir. "Azercell" bəyan edib ki, müştərilər arasında ayrıseçkiliyə yol verilmir: ""Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur".