Federal Təhqiqatlar Bürosu (FTB) yanvarın 20-də Co Baydenin prezident andiçməsindən öncə etiraz və yürüşlərdə mümkün zorakılıqdan narahatlıq bildirib.
FTB-nin direktoru Kristofer Rey yanvarın 14-də deyib ki, agentlik silahlı etirazlara səsləyən “geniş həcmli onlayn söhbətləri” izləyir. Kommunikasiyalar təhdid potensialına görə təhlil olunur, “nəyin arzu, nəyin məqsəd olduğu ayırd edilir”.
Buna da bax: Bayden 1.9 trilyon dollarlıq yardım planı açıqlayır
200-dən çox adama xəbərdarlıq olunub
Rey bu haqda Vitse-prezident Mayk Pens üçün təhlükəsizlik brifinqi zamanı danışıb. O, Kapitoliyə ötən həftəki hücumdan sonra ilk dəfəydi ictimaiyyət qarşısına çıxırdı.
“Növbəti günlər ərzində burada DC-də və ştatlarda kapitoli binaları qarşısında planlaşdırılan çoxsaylı etirazlar və yürüşlər zamanı zorakılıq potensialından narahatıq”, – Rey deyib.
Onun sözlərinə görə, Kapitoliyə hücuma oxşar tədbir planlaşdırmaqda şübhəli bilinən 200-dən çox adam müəyyənləşdirilib və onlara xəbərdarlıq olunub ki, növbəti günlərdə zorakı hücumlar planlaşdırılan istənilən şəxsə FTB baş çəkə bilər.
Yanvarın 6-da Konqres Baydenin 3 noyabr seçkisində qələbəsini təsdiqlədiyi bir vaxtda Prezident Donald Tramp tərəfdarları Kapitoliyə basqın edib. Hücum nəticəsində biri polis əməkdaşı olmaqla beş nəfər ölüb.
Basqından öncə Tramp Ağ ev yaxınlığında tərəfdarları qarşısında çıxışında seçkini udmasına dair əsassız iddialar səsləndirib, tərəfdarlarını seçkinin nəticələrinə qarşı “cani dildən savaşmağa” səsləyib.
Buna da bax: İmpiçmentdən sonra nə olacaq
Trampa Senatda məhkəmə qurulacaqmı
Bu zorakılığın nəticəsi olaraq yanvarın 13-də Tramp Nümayəndələr Palatasında “qiyamı qızışdırmaq” maddəsilə impiç olunub. Bununla da Tramp ABŞ tarixinə iki dəfə impiç olunan prezident kimi düşüb.
Palata impiçment maddəsini qəbul edən kimi Senata göndərib, ancaq Senat yanvarın 19-dan tez yığışmayacaq. Yuxarı palatada səsvermə ertəsi gün, yəni elə Baydenin andiçməsindən sonra baş tuta bilər.
Senatda belə bir mühakimənin qurulmasının hüquqi tərəfi müzakirə mövzusuna çevriləcək. Respublikaçılar artıq vəzifədən getmiş prezidenti mühakimə etməyin konstitusiyaya nə dərəcədə uyğun olub-olmamasını sual edirlər.
Demokratlar bunu qanuni sayırlar, daha aşağı rütbəli federal məmurların vəzifədən gedəndən sonra mühakimə olunduqlarını əsas gətirirlər. Onların mövqeyincə, Senat məhkəmə quraraq Trampı təqsirli bilməlidir ki, gələcəkdə bu vəzifəyə gələ bilməsin.
Ancaq prezidentin təqsirli bilinməsindən ötrü üçdə iki səs çoxluğu lazımdır və indiyədək çox az respublikaçı senator bu addımı dəstəkləyəcəyini deyib.