ABŞ Prezidenti Donald Tramp yanvarın 18-də imzaladığı fərmanla Şengen zonası, Böyük Britaniya, İrlandiya və Braziliyadan gedənlər üçün koronavirus qadağalarını ləğv edib. Fərmana görə, yanvarın 26-dan ABŞ-a gedənlər COVID-19-la bağlı mənfi test nəticəsi göstərməlidirlər.
Çin və İrandan ziyarətçilər üçün qadağalar qüvvədə qalır, çünki bu ölkələr səhiyyə sahəsində əməkdaşlıq etməyib, COVID-19-un yayılmasına dair vaxtında informasiya paylaşmayıblar.
“The New York Times” yazır ki, sabah- yanvarın 20-də prezident andı içəcək Co Baydenin müşavirləri bu fərmanı dərhal rədd ediblər. Baydenin vəzifə başına keçən kimi qadağanı bərpa edəcəyi bildirilir.
Baydenin mətbuat katibi olacaq Cen Psaki deyib ki, yeni administrasiyanın yanvarın 26-dan məhdudiyyətləri ləğv etmək niyyəti yoxdur. Əksinə, beynəlxalq səyahətlərdə tədbirlərin sərtləşdiriləcəyi gözlənir.
Tramp ötən ilin əvvəlindən bir sıra ölkələrdən ABŞ-a girişi qadağan edib. Səbəb Çində yeni növ koronavirusun aşkarlanması idi. İlk qadağa Çin, daha sonra İran vətəndaşlarına qarşı tətbiq edildi. Sonradan məhdudiyyətlər Şengen zonasını, İrlandiyanı, Britaniyanı, hətta Braziliyanı belə əhatələdi.
Hazırda ABŞ dünyada koronavirusa yoluxmalar və ölümə görə birinci yerdədir – 24 milyondan çox yoluxma, 400 mindən artıq ölüm qeydə alınıb.