Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədova yeni ittihamlar irəli sürülüb. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, yanvarın 19-da N.Əhmədova CM-in 233-1 (Qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlar) maddələri ilə əlavə ittihamlar elan edilib. O, ötən ilin mayından CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə həbsdə saxlanılırdı.
N.Əhmədovun işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
"İbtidai istintaq başa çatmaq üzrədir. Niyaməddin Əhmədovla bağlı araşdırmalar artıq yekunlaşıb. O, Qabil Məmmədov, onun arvadı Aytən Ramazanova ilə əlbirlikdə ittiham olunur. Onlar Almaniyada sığınacaq aldıqlarına görə, güman ki, onlar haqqında cinayət işi ayrılacaq, beynəlxalq axtarışa veriləcəklər. Niyaməddin Əhmədovun işi məhkəməyə göndəriləcək", - mənbə AzadlıqRadiosuna belə deyib.
Buna da bax: Əli Kərimlini vergidən yayınma ilə bağlı araşdırırlarN.Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. O, öncə karantin rejimi qaydalarını pozmaqda suçlanaraq, 1 ay inzibati həbsdə saxlanılıb. Bu cəza başa çatdığı gün isə CM-in 214-1 maddəsi ilə barəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
"Bizi sakitləşdirməyə çalışırdı"
Atası Arif Əhmədov deyir ki, ötən 9 ayda ilk dəfə yanvarın 19-da oğlu ilə görüşüb: "Bu 9 ayda nə üzünü görmüşdüm, nə səsini eşitmişdim. Vəziyyəti pis deyildi. Bəlkə də özünü tox tutmağa çalışırdı, bizi narahat eləmək istəmirdi. Əsas bizi sakitləşdirməyə çalışırdı...".
A.Əhmədovun sözlərinə görə, yarım saatlıq görüşdə oğlu özü haqqında çox danışmasa da, təqsirsiz olduğunu bildirib. Atasına deyib ki, heç bir cinayət törətməyib, ittihamda yazılanlar da doğru deyil: "Biz bilirik ki, bu işin əvvəlində ona nə qədər işgəncələr veriblər, olmayan şeyləri boynuna qoymaq istəyiblər. Yalan cinayət işi düzüb-qoşublar. Amma biz fikir eləməyək deyə, işgəncələrdən danışmadı".
Buna da bax: Əli Kərimlinin sürücüsü: 'Narkotik satanamsa, evimə niyə baxmadılar?'AXCP də N.Əhmədova yeni ittihamlar elan edilməsinə münasibət bildirib. Partiyanın mətbuat xidmətindən verilən açıqlamada vurğulanıb ki, N.Əhmədova qarşı əvvəl irəli sürülmüş terroru maliyyələşdirmə ittihamı kimi, bunlar da əsassız və absurddur: "Bu cür üsullarla Niyaməddin Əhmədovun özündən də, AXCP-dən də, partiyanın sədri Əli Kərimlidən də qisas almaq məqsədi güdürlər. Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi mitinqdə Əli Kərimli həbs olunan ana qədər Niyaməddin Əhmədov yanında olmuşdu, onu buraxmamışdı. Ondan bunun qisasını alırlar. AXCP və Əli Kərimliyə qarşı da qisasçılıq, repressiyalar illərdir davam edir".
Xatırlatma
Niyaməddin Əhmədov Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə N.Əhmədova pul göndərib.
N.Əhmədovun ittiham olunduğu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
N.Əhmədov həbs-qətimkan tədbiri ilə əlaqədar hakim qarşısına çıxarılarkən məhkəmə çıxışlarında günahsız olduğunu bildirib. O deyib ki, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırılıb.