Fevralın 1-dən məktəblər açılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəblər açıldı, şagirdlər necə qorunur? (Video arxiv)

Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur.

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" Qərar imzalayıb.

Qərarda xüsusi karantin dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.

Nazirlər Kabineti bundan əvvəl Azərbaycandakı təhsil müəssisələrində distant təhsilin müddətini 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzatmışdı.

Ötən il (sentyabrın 15-də) dərs ili başlayanda yalnız ibtidai siniflər həftədə bir neçə gün olmaqla məktəbə gediblər. Oktyabrın 1-dən V-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlamışdılar. Sonradan yenidən koronavirusa yoluxma artdığından distant təhsilə keçildi.

Azərbaycanda martın 24-dən karantin rejimi hökm sürür. Bu rejim 2021-ci il aprelin 1-nə kimi uzadılıb.

Azərbaycanda ötən tədris ilində də eyni səbəbdən martın 3-dən distant təhsilə keçilmiş və bu, tədris ilinin sonuna kimi belə davam etmişdi.

E.Əmrullayev

Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq...

Fevralın 1-dən bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq.

Bunu bu gün, yanvarın 22-də xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası təkbaşına veriləcək qərar deyil. Onun sözlərinə görə, fevralın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək: "İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq".

Fevralın 1-dən sonrakı növbəti iki həftədə...

"Fevralın 1-dən sonrakı növbəti iki həftə ərzində sonrakı təhsil pillələrində əyani tədrisin bərpası barədə qərarlar olacaq, yoluxma proqnozunu indidən vermək çətindir. Buna görə kifayət qədər ehtiyatlı addımlar atmalıyıq".

Bunu da xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri E.Əmrullayev söyləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Təhsil haqqını verə bilməyən tələbə: 'Atam pandemiyada işsiz qalıb'

Nazir deyib ki, sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır: "Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə - yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Tələsik açıb, tələsik bağlamaq istəmirik".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə ümumilikdə 228 min 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 53 nəfərin vəfat etdiyi açıqlanıb.