Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" neft yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu yatağı bir vaxtlar Azərbaycan "Kəpəz", Türkmənistan isə “ Sərdar” adlandırırdı.
Həmin yataqla bağlı iki ölkənin on illərdir davam edən mübahisəsinin kökündə nə dayanırdı? Burada güzəşt nədir, qazanc nə?
Hakim Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputat Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” yatağına dair imzaladıqları Anlaşma Memorandumunun çox mühüm əhəmiyyəti var. Onun vurğulamasına görə, hətta iki qonşu dövlət başçıları Memurondumun əhəmiyyətini tarixi adlandırıblar:
“İki ölkə arasında sərhədlər də müəyyən olunur”
“Çünki hər şeydən öncə vaxtilə mübahisələrə səbəb olan belə bir karbohidrogen yatağına iki ölkənin birgə qərar verməsi, onun istismarı və kəşfiyyat işlərini birgə həyata keçirməsi mühüm hadisədir. Bu, o deməkdir ki, iki ölkə arasında sərhədlər də müəyyən olunur. İkinci əhəmiyyəti bundan sonra Türkmənistanla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur. Bu münasibətləri şərtləndirən çox mühüm amillər var, onlar ortaq etnik və dini dəyərlərimizlə bağlıdır. Hazırda dünyada inteqrasiya mərhələsi gedir və qonşu ölkələrlə də inteqrasiya mühüm əhəmiyyətlidir.”
Deputat hesab edir ki, Azərbaycan çox mühüm enerji, nəqliyyat kommunikasiyaları yaradıb.Onun fikrincə, əgər vaxtilə enerji kommunikasiyaları Azərbaycanda istismar olunan ehtiyatların dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuşdusa, indi statusu dəyişir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Deputatın qeyd etməsinə görə, Azərbaycan tranzit ölkəyə çevrilir. H.Babaoğlunun vurğulamasına görə, Türkmənistanın çox ciddi qaz ehtiyatlarının olduğu məlumdur. Deputat hesab edir ki, onun Cənub-Qaz Dəhlizi ( Azərbaycan qazını Avropaya nəql edir) vasitəsilə dünya bazarına çıxarılması perspektivləri çox mühümdür:
“Bu, qonşu xalqlar üçün mühüm əhəmiyyətə malikdir”
“ Başqa bir məsələ regionda yeni bir əməkdaşlıq platforması yaradılır, bu layihələr tranzit və qonşu ölkələrin ərazisindən keçməklə dünya bazarına çıxır, burda Gürcüstanın və Türkiyənin də dividentləri olacaqdır. Beləliklə, geniş əməkdaşlıq platforması yaradılır. İlk baxışda sadəcə, enerji resursları üzərindən formalaşan platforma kimi görünürsə, növbəti mərhələdə iqtisadi, mədəni mübadilə və turizm fəallığını təmin edəcəkdir ki, bu, qonşu xalqlar üçün mühüm əhəmiyyətə malikdir”.
Hikmət Babaoğlu layihənin Azərbaycana dividentləri və Bakının nə kimi güzəştə getməsi barədə suala belə cavab verib:
“Vaxtilə mübahisə predmeti olan bir yataq…”
“Sualı bu şəkildə qoymaq nə dərəcədə məqbuldur, bilmirəm. Məsələ ondadır ki, imzalanan sənədin adı Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” yatağına dair Anlaşma Memorandumudur. Bundan sonrakı mərhələdə digər qurumların kəşfiyyatla, yatağın yenidən öyrənilməsi, istismarı ilə bağlı dəqiqləşdirilməsi prosesi gedəcək. Ona görə də bu barədə danışmaq hələ tezdir. Ancaq məsələ Memorandumun imzalanmasıdır. Vaxtilə mübahisə predmeti olan bir yataq bu gün əməkdaşlıq və tərəfaşlıq, qardaşlıq rəmzinə çevrilib”.
Buna da bax: Bu razılaşma Transxəzər kəmərinin də bəxtini aça bilərNeft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Azadlıq Radiosuna “Dostluq” yatağının 1989-cı ildə kəşfiyyat qazması ilə açıldığını xatırladaraq bildirib ki, ondan sonrakı illərdə qazılmış əlavə quyular nəticəsində yatağın konturları müəyyən edilib və ehtiyatları dəqiqləşdirilib:
“Ərazidə sonuncu quyu 1992-ci ilin iyununda qazılmağa başlayıb”
“Ərazidə sonuncu quyu 1992-ci ilin iyununda qazılmağa başlayıb. Yəni Azərbaycan müstəqilliyini elan edəndən sonra da kəşfiyyat işlərini dayandırmayıb”.
İlham Şaban bildirib ki, “Dostluq” yatağının cənub-qərbində “Azəri”, şimal-qərbində “Qarabağ” yatağı yerləşir:
“O yataqların geoloji quruluşları, ehtiyatları nəzərə alınmaqla mülahizələr irəli sürülür ki, “Dostluq”da ən aşağısı 50 milyon ton neft ehtiyatı var, təqribən dərin qatlarda 90-100 milyard kubmetr arasında qaz var.”
İlham Şabanın sözlərinə görə, Azərbaycan son 30 ildə yatağı obyektiv səbəblərdən işlədə bilməmişdi:
“Yatağın yarısı Türkmənistan tərəfdə olduğundan…”
“Çünki sektorial bölmə qaydaları tətbiq olunsa, yataq tam olaraq Azərbaycana düşmürdü. Yatağın yarısı Türkmənistan tərəfdə olduğundan ən real yol müştərək işlətmək idi. Ona görə Azərbaycanın qazancı o ola bilər ki, yatağın ehtiyatı yerin təkindədir və onun heç bir qiyməti yoxdur. Həmin ehtiyatı bazara çıxardırsansa, nəsə qazanc əldə edirsən, nəticədə qiymətlərdən asılı olaraq qazancın çox və ya minimal ola bilər. Bax, bu Azərbaycanın qazancıdır”.
Buna da bax: Azərbaycanla Türkmənistan 'Dostluq' edəcək“Adını da “Aralıq” qoyublar”
İlham Şaban da Azərbaycanın hansısa güzəştə getməsi ilə bağlı fikirləri düzgün saymır:
“ Bir misal xatırladacam, 1989-cı ildə yataq aşkarlananda SSRİ Neft Sənayesi Nazirliyinin reyestrində ora “Aralıq” adı verilir. Çünki 1971-ci ildə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərara görə Xəzər dənizinin sovetlər birliyində olan hissəsi 4 iqtisadi zonaya bölünür: Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan. O zaman həmin bu yataq iki respublikanın iqtisadi zonasına düşdüyündən adını da “Aralıq” qoyublar”.