Rusiyada məhkəmə AzadAvropa/AzadlıqRadiosu-nun bir neçə rusdilli layihəsini və baş direktorunu ümumilikdə 1.1 milyon rubl (14 min 500 dollar) cərimələyib. Buna əsas kimi ölkənin “xarici agent” qanununun yeni qadağalarına əməl olunmaması göstərilib.
Yanvarın 27-də Moskvadakı Tverskoy Rayon Məhkəməsi “Roskomnadzor” media tənzimləyicisinin təqdim etdiyi dörd administrativ protokolu təmin edib. Qurum “xarici agentin funksiyalarını yerinə yetirən medianın qanunun tələblərinə əməl etmədiyini, yaydıqları informasiyaya etiket vurmadığını” bildirib.
Buna da bax: Bayden və Putin arasında ilk telefon söhbəti olub
Dörd protokol üzrə də qərar gözlənir
AzadAvropa/AzadlıqRadiosu 1 milyon rubl, onun rusdilli xidmətlərinin baş direktoru isə 100 min rubl cərimələnib.
Yanvarın 12-də “Roskomnadzor” radionun dörd rusdilli layihəsinə qarşı səkkiz protokol təqdim edib. Bunlar Rusiyadakı əsas xidmət (Radio Svoboda), “Nastoyaşeye Vremya” televiziyası və rəqəmsal şəbəkə; Sibir.Realii və Idel.Realii regional saytlarıdır.
Digər dörd protokol üzrə qərar fevralda çıxarılacaq.
Qanun xaricdən maliyyələşən xəbər qurumlarından tələb edir ki, Rusiyada yayınlanan kontentin “xarici agent” tərəfindən hazırlandığını qeyd etsin.
Bu qanun həm də radio əməkdaşlarına cinayət təqibi riski yaradır.
Buna da bax: Avropa Navalnının məhkəməsini gözləyəcək
Sanksiya çağırışı
ABŞ Konqresi tərəfindən maliyyələşən, müstəqil qeyri-kommersiya korporasiyası olan AzadAvropa/AzadlıqRadiosu göstərişə əməl etməyib. Ancaq cərimələrin artması şirkəti Rusiyada fəaliyyətini dayandırmağa məcbur edə bilər.
ABŞ-ın Respublikaçı və Demokrat konqresmenləri bu məsələdən dolayı Moskvaya qarşı yeni sanksiyalara çağırıblar.
Rusiya dövlət qurumları Rusiyada fəaliyyət göstərən digər xarici media orqanları içində məhz AzadlıqRadiosunu fərqləndirir. Bu radionun redaksiya müstəqilliyi ABŞ qanunvericiliyində də əksini tapıb.
Vladimir Putinin hakimiyyəti dövründə Kreml müstəqil mediaya təzyiqi mütəmadi gücləndirib.
“Sərhədsiz Reportyorlar” təşkilatının mətbuat azadlığı indeksində Rusiya 180 ölkə içində 149-cu yerdədir.