50 min nəfər peyvənd edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Koronavirusa qarşı peyvənd olunacaqsınız? - Bakıda sorğu

Azərbaycanda indiyə kimi 50 min nəfərə yaxın vətəndaş peyvənd edilib. Bunu Nazirlər Kabinetindən "Turan" agentliyinə bildiriblər.

Nazirlər Kabinetindən verilən məlumata görə, peyvənd olunanların əksəriyyəti səhiyyə işçiləridir.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX platforması çərçivəsində Çinin "Sinovac" şirkəti ilə danışıqlar aparıb. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı gözlənilir. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.1 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 229 min 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 105 nəfərin vəfat etdiyi açıqlanıb.