Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnı tərəfdarlarını ikinci həftəsonu etirazlara çağırıb. Bu arada hakimiyyət Kremlin tənqidçisinin müttəfiqlərinə divan tutur, etirazçılara küçələrə çıxmamaqla bağlı xəbərdarlıq edir.
Yanvarın 28-də məhkəmə Navalnının həbsdən şikayətini rədd edib. Müxalifətçi bundan sonra vebsaytında yerləşdirdiyi məktubunda rusiyalıları qorxunu kənara ataraq yeni etirazlara səsləyib.
“Çıxın, heç nədən qorxmayın. Tiranlıq və korrupsiyanın hökm sürdüyü ölkədə heç kəs yaşamaq istəmir. Çoxluq tərəfimizdədir”, – Navalnı yazıb.
Buna da bax: Navalnının qardaşı, vəkili də saxlanıb
Navalnının müttəfiqləri yanvarın 31-nə kütləvi nümayişlər planlaşdırırlar. Ötən həftəsonu etirazlarına yüzminlərlə insan çıxmışdı. Polis 4 minədək etirazçını saxlayıb.
Müxalifətçi yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. O, avqustda Sibirdə zəhərlənəndən sonra Berlində müalicə alırdı. Navalnı özünə sui-qəsdin arxasında birbaşa Prezident Vladimir Putinin dayandığını deyir, Kreml isə iddianı rədd edir.
Buna da bax: Təhqiqat: Navalnını zəhərləyənlər daha üç nəfəri öldürüblər
Məhkəmə 30 sutkalıq həbsi qüvvədə saxlayıb
Rusiya məhkəməsi yanvarın 28-də onun 30 sutkalıq həbs cəzasını qüvvədə saxlayıb, vəkillərinin onu azadlığa buraxmaqla bağlı vəsatətini rədd edib.
Fevralın 2-də isə məhkəmə müxalifətçinin mənimsəmə ittihamı üzrə 3 il yarımlıq şərti cəzasını real cəzayla əvəzləmək məsələsinə baxacaq. Bu ittiham əsasən qurama və siyasi motivli hesab olunur.
Prokurorluq onun Almaniyada müalicə olunarkən şərti cəzanın şərtlərini pozduğunu deyirlər.
Buna da bax: G7 Navalnının dərhal azad olunmasını tələb edir
Məhkəməyə videəlaqə vasitəsilə qoşulam Navalnı həbsini “qanunsuzluq” adlandırıb və bunun Rusiyada adi şeyə çevrildiyini deyib, məqsədin onu və hər kəsi qorxutmaq olduğunu vurğulayıb.
Həftəsonu etirazları öncəsi Navalnı müttəfiqləri və tərəfdarlarından bir neçəsi reydlər zamanı saxlanıb. Polis icazəsiz ictimai toplantılara imkan verməyəcəyini bildirib.
Bu arada Navalnının 2 saatlıq filminə YouTube-da baxış 100 milyonu keçib. Videoda Qara dəniz sahilindəki 1.36 milyard dollarlıq sarayın Prezident Vladimir Putinə məxsus olduğu iddia edilir.
Video ötən həftə yayılıb. Putin isə mülkün ona məxsus olmadığını deyib.