Tanınmış qadın insan haqları fəalı Lujain Əl-Həslul Səudiyyə Ərəbistanında 3 ilə yaxın həbsdə saxlanandan sonra buraxılıb. Onun həbsi beynəlxalq reaksiyaya səbəb olmuşdu.
“Lujain evdədir!!!!” – bacısı Lina Əl-Həslul fevralın 10-da Twitter-də yazıb və fəalın gülümsəyən fotosunu yerləşdirib.
31 yaşlı Həslul qadınların sürücülük hüququnu təbliğ edirdi. O, 2018-ci ildə 12-dən artıq qadınla birlikdə saxlanıb. Bundan bir neçə həftə sonra isə qadınların maşın sürməsinə qadağa qaldırıldı.
Dekabrda məhkəmə Həslulu terrorçuluqla bağlı ittihamlarla altı ilədək həbsə məhkum etdi. Ancaq şərti cəza onun erkən azadlığa çıxmasına yol açıb.
Həbsdən buraxılmasına baxmayaraq, o, ölkəni tərk edə bilməz.
Bu arada ABŞ Prezidenti Co Bayden insan haqları, Səudiyyənin regional siyasəti ilə bağlı bu ölkəylə ABŞ-ın tərəfdaşlığına yenidən baxır. Bayden Pentaqonda çıxışında deyib ki, “Səudiyyə hökumətinin tanınmış insan haqları fəalını azad etməsini alqışlayır”.
“O, qadın hüquqları uğrunda tanınmış fəal idi, onu buraxmaq düzgün işdir”, – Bayden deyib.
Səudiyyənin Vəliəhd şahzadəsi Məhəmməd bin Salman özünü gənc islahatçı kimi təqdim edir. Amma tənqidçilər ölkədə fəallara, monarxiya daxilindəki rəqiblərə divan tutulduğunu deyirlər.