Ali dini lider Ayətulla Əli Xameneyi deyir ki, İran 2015-ci il nüvə sazişini imzalayan ölkələrin “söz yox, iş” görməsini istəyir. ABŞ-ın yeni administrasiyası keçmiş prezident Donald Trampın tərk etdiyi sazişə qayıda biləcəyini bildirib.
“Biz xeyli yaxşı söz, vəd eşitmişik, amma əməldə pozulub, əks addım atılıb. Söz, vəd vermək yaxşı deyil. Bu dəfə qarşı tərəfdən yalnız əməl gözləyirik və biz də addım atacağıq”, – Xameneyi fevralın 17-də televiziya ilə çıxışında söyləyib.
ABŞ Prezidenti Co Bayden bildirib ki, Tehran nüvə sazişinə tam əməl edərsə, Vaşinqton da Trampın 2018-ci ildə tərk etdiyi razılaşmaya qayıdacaq.
Buna da bax: İran ‘qəfil’ nüvə təftişlərini dayandıracağını deyir
İranın xəbərdarlığı
Tehran isə Vaşinqtonun birinci addım atmalı olduğunu deyir.
Birləşmiş Ştatlar, Çin, Rusiya, Almaniya, Fransa və Britaniyanın imzaladığı nüvə sazişi İranın uran zənginləşdirmə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. İran nüvə silahlı hazırlamadığını, nüvə proqramının yalnız dinc məqsədli olduğunu deyir.
Tramp sazişdən çıxaraq sanksiyaları bərpa edəndən sonra Tehran da öhdəliklərini tədricən pozmağa başlayıb.
Buna da bax: İran ABŞ-ın neft tankerini tutmasını 'dəniz quldurluğu' adlandırır
İran fevralın 23-dən BMT-nin nüvə müfəttişləri ilə əməkdaşlığını azaltmağı planlaşdırır. Fevralın 16-da Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın quruma bu haqda informasiya verdiyini təsdiqləyib.
Vyanada yerləşən agentliyin bildirməsinə görə, Tehran ona “könüllü şəffaflıq tədbirləri”nin icrasını dayandıracağını deyib. Buraya BAEA müfəttişlərinin nüvə obyektlərinə "qəfil", xəbərdarlıq edəndən dərhal sonra səfərləri də daxildir.