Rusiya koronavirusa qarşı hazırladığı üçüncü vaksini təsdiqləyib. Amma vaksinin irimiqyaslı klinik sınaqları hələ tamamlanmayıb.
Baş nazir Mixail Mişustin fevralın 20-də deyib ki, CoviVac Rusiyanı “artıq üç vaksinə malik yeganə ölkəyə” çevirir.
Buna da bax: 156 yeni yoluxma aşkarlanıb, 3 ölüm
İlin sonunacan 20 milyon doza
Çumakov Mərkəzi dövlət müəssisəsinin hazırladığı vaksinin ilk 120 min dozası martda rusiyalıların istifadəsinə verilməlidir. İlin sonunacan Rusiya bu vaksinin 20 milyon dozasını hazırlamağı planlaşdırır.
Çumakov Mərkəzinin alimlərinin iddiasına görə, vaksin COVID-19-a qarşı 90 faiz effektlidir. Üçüncü faza klinik sınaqların isə apreldən tez başlanacağı gözlənilmir.
Rusiya avqustda dünyada COVID-19-a qarşı ilk – Sputnik V vaksinini təsdiqlədi. Həmin vaksin də 3-cü faza sınaqlarının nəticələri bilinməmişdən qeydiyyata alındığından dünyada alimlər onun təhlükəsizliyi və effektinə şübhəylə yanaşırdılar.
Buna da bax: Yoxsul ölkələr üçün vaksinə 4 milyard dollar
Yeni vaksin martda vurulmağa başlanacaq
Amma fevralın əvvəlində “The Lancet” tibb dərgisi sonuncu faza sınaqlarına əsasən Sputnik V-nin ikidozalı rejiminin simptomatik COVID-19-a 91.6 faiz effekt göstərdiyini ortaya qoydu. Bu, Qərbdə hazırlanmış vaksinlərlə eyni səviyyə deməkdir.
İndi bu vaksin 30-dək ölkədə istifadəyə təsdiqlənib.
Rusiyanın hazırladığı EpiVacCorona adlı ikinci vaksin oktyabrda qeydiyyata alınıb, martda istifadəyə buraxılmalıdır.
Rusiyanın öz hazırladığı vaksinləri daha tez qeydiyyatdan keçirməsinə baxmayaraq, indiyədək ölkədə 2.2 milyon nəfərə azı bir doza vurulub. Bu isə əhalinin 1.5 faizi deməkdir.
Sputnik V və Qərbin vaksinlərindən fərqli olaraq, yeni CoviVac vaksininin hazırlanmasında tamamilə inaktiv virusdan istifadə olunub. Oxşar vaksin Çində də hazırlanıb.