Fevralın 25-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən bir sıra şikayətlə bağlı qərarını elan edib. Bütün işlərdə ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verilib.
Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.
X.Ağalıyev bildirib ki, "Nemət Kərimli Azərbaycana qarşı", "Elşad Təhməzov Azərbaycana qarşı", "Pərviz Həşimli və digərləri Azərbaycana qarşı" işlərində tərəflər dostcasına anlaşma bağlayıblar: "Anlaşmalara əsasən, hökumət N.Kərimliyə 2750, E.Təhməzova 6700 avro təzminat ödəməlidir. "Pərviz Həşimli və digərləri Azərbaycana qarşı" işində hökumət dörd ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min avro ödəməlidir".
Hüquqşünasın vurğulamasına görə, mülkiyyət hüququnu mübahisələndirən Akif Şiriyevə isə hökumət 1800 avro təzminat ödəməlidir.
Bu qərarlara, hələlik, Azərbaycan rəsmilərindən və cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.
Şikayətlər...
2018-ci il aprelin 23-də Vəkillər Kollegiyası N.Kərimlinin vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması haqqında qərar çıxarıb. Qərar Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun şikayəti əsasında qəbul edilib. R.Usubov Vəkillər Kollegiyasına müraciətində bildirib ki, N.Kərimli bir sıra işləri siyasiləşdirir. R.Usubov vurğulayıb ki, bütün bunlar Baş Prokurorluğun nüfuzuna zərbə vurur. N.Kərimli vəkillikdən müvəqqəti uzaqlaşdırılmasının onun bəzi hüquqlarına zidd olduğunu iddia edirdi.
Azərbaycan Dövlət Sığorta şirkətinin Cəlilabad rayon filialının keçmiş rəhbəri E.Təhməzov isə beş aydan artıq həbsdə saxlanılmışdı. Yerli məhkəmələr buna görə ərizəçiyə təzminat ödənilməsinə qərar vermişdilər. Ərizəçi AİHM qarşısında ona ödənilmiş təzminatın məbləğinin (1500 manat) yetərli olmamasını mübahisələndirmişdi.
2018-ci ilin iyul ayında "Gəncə işi" ilə bağlı Bakı şəhər Prokurorluğu sayt rəhbərləri P.Həşimlinin, M.Hacıbəylinin və A.Məmmədovun ölkədən çıxışına qadağa qoymuşdu. 2019-cu ildə P.Həşimlinin ölkədən çıxmasına qadağanın götürüldüyü deyilsə də, digər iki şəxslə bağlı məhdudiyyətlərin hələ də qaldığı bildirilir. 2018-ci ilin iyulunda Gəncə şəhər İcra Hakimiyyəti başçısına sui-qəsd olub və sonra şəhərdə bir sıra olaylar yaşanıb.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü A.Məhərrəmlinin isə 2018-ci ildə ölkədən çıxışına qoyulmuş qadağanın 2019-cu ildə götürüldüyü deyilir. A.Məhərrəmlinin sözlərinə görə, qadağa ilə bağlı ona rəsmi məlumat verilməmişdi. O da hərəkət məhdudiyyətindən şikayət edirdi.