Paşinyanın fərmanı rədd edildi. İndi nə olacaq?

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda vəziyyət gərginləşir - Prezident Baş nazirin təklifini ikinci dəfə rədd edib

Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, o silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə baş nazir Nikol Paşinyanın təklifini qəbul etmir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun martın 2-də yazır ki, Armen Sarkisyan bunun əvəzində siyasi böhrandan tez bir zamanda çıxılması üçün məsləhətləşmələr aparır.

Sarkisyan bu məqsədlə baş nazir və general-polkovnik Onik Qasparyanla göüş keçirib.

Millətin daha da parçalanmaması üçün

Prezident vurğulayıb ki, yaranmış vəziyyət ölkənin siyasi və hərbi rəhbərliyi arasında müharibə dövründə və ondan sonra baş vermiş fikir ayrılıqlarının nəticəsidir və əsasən də məsələyə şəxsi yanaşmadan irəli gəlib.

Armen Sarkisyan bunu da qeyd edib ki, böhranın səbəblərindən biri də qanunvericilikdə çatışmazlıqlardır və boşluqlardır.

Ermənistan prezidenti bəyan edib ki, hazırkı mürəkkəb şəraitdə bu böhranın mümkün qədər tez çözülməsi Ermənistanın təhlükəsizliyi, cəmiyyətin və erməni millətinin daha dərin parçalanmasının qarşısının alınması üçün mühümdür.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistan prezidenti Paşinyanın təklifini ikinci dəfə qəbul etmədi

Sarkisyan Konstitusiya Məhkəməsinə niyə müraciət edib?

Eyni zamanda prezident Ermənistan Konstitusiyasının 169-cu maddəsinin 1-ci maddəsindən çıxış edərək Konstitusiya Məhkəməsinə ərizə yazıb.

O ərizədə Ermənistan Respublikasının “Hərbi xidmət və hərbi qulluqçunun statusu” haqqında 15 noyabr, 2017-ci il tarixli qanununun Konstitusiyaya uyğunluğu məsələsinə baxılmasını xahiş edib.

Lakin Kavkazski Uzel saytı erməni mənbələrinə istinadən yazır ki, prezident Sarkisyanın baş nazirin fərmanını imzalamaqdan imtina etməsinə baxmayaraq bu sənəd avtomatik olaraq artıq martın 3-də qüvvəyə minir.

Bunu konstitusiya hüququ eksperti Vardan Ayvazyan deyib:

“Əgər prezident baş nazirin fərmanını mübahisələndirmək məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etməzsə, bu halda o baş qərargah rəisinin vəzifəsindən çıxarılması aktına şərik olacaq. Bu halda prezidentin Konstitusiya Məhkəməsinə müraciət etməsinin baş nazirin təklifi ilə heç bir əlaqəsi yoxdur”.

Buna da bax: Ermənistan prezidentinə qarşı impiçment prosesi başlana bilər

Paşinyanın fərmanı avtomatik qüvvəyə minəcək

Konstitusiya hüququ üzrə başqa bir ekspert – Aram Vardevanyan deyib ki, Paşinyanın Onik Qasparyana dair fərmanı uzağı martın 4-də qüvvəyə minəcək:

“Prezident özünün bugünkü bəyanatında deyib ki, bu sənədi imzalamayacaq. O bildirib ki, fərman antikonstitusiya xarakteri daşıyır. Lakin prezident sənədi imzalamaqdan imtina edərkən konstitusiyaya uyğunluq məsələsinə toxunmamışdı”.

Hərbçilərin Sığortası Fondunun direktoru Varujan Avetikyan deyib ki, prezident Sarkisyan əslində general-polkovnik Qasparyanı artıq vəzifəsindən çıxarıb:

"Onun hərbi xidmət və hərbi qulluqçunun statusuna dair Ermənistan qanununun Konstitusiyasına uyğunluğu barədə müraciəti isə sadəcə gözə kül üfürməkdir”.

Buna da bax: Paşinyan bir daha parlamenti buraxmağa çağırır

Xatırlatma

Fevralın 25-də Ermənistan silahlı qüvvələri baş qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.

Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi.

Öz növbəsində Paşinyan bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi.

Amma konstitusiyaya görə belə qərarları prezident təsdiqləməlidir.