Uşaqların 10 faizi hər gün şirni yeyir

Arxiv fotosu

“Sağlam pəhriz hər gün çoxlu meyvə və göyərti qəbulu, gündəlik səhər yeməyindən, tərkibində şəkər, doymuş və trans yağlar, duz olan ərzağın istifadəsini azaltmaqdan ibarətdir”

Martın 4-də Dünya Piylənmə ilə Mübarizə Günü qeyd olunur. Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bölməsi uşaqların sağlam qidalanmasının vacibliyi məsələsini qaldırır.

1975-ci ildən piylənmə səviyyəsi üç dəfəyədək, uşaqlar və yeniyetmələr arasında isə beş dəfəyədək artıb. Bu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bütün sosial qruplardan olanları əhatələyir.

Piylənmə yoluxucu olmayan bir sıra xəstəliklər üçün əsas risk faktorlarından sayılır. Bu sıraya 2-ci tip diabet, ürək-damar xəstəliyi, hipertoniya və iflic, xərçəngin müxtəlif formaları daxildir. Amma artıq piylənmənin yoluxucu xəstəliklər riskini də artırdığı bəllidir.

Buna da bax: Piylənmə və COVID-19: 'İki pandemiyanın toqquşması'

DST-nin 132 mindən çox uşaq üzərində apardığı tədqiqata görə, uşaqların 78.8%-i səhər yeməyi, 42.5%-i hər gün təzə meyvə, 22.6%-i hər gün göyərti yeyir. 10.3 faiz uşaq hər gün şirin qəlyanaltılar, 9.4 faiz isə şirin içkilər qəbul edir.

Tövsiyələr

Ölkələr üzrə yemək vərdişlərində ciddi fərqlərin olduğu qeyd edilir.

Ümumilikdə isə DST-nin araşdırması Avropa regionundakı ölkələrində hamısında uşaqlar arasında sağlam yemək vərdişlərinin təbliğinin vacibliyini üzə çıxarıb. Özəlliklə də, gündəlik olaraq təzə meyvə və göyərti qəbulu artırılmalıdır.

Buna da bax: Piylənmə varlı ölkələrin xəstəliyi deyilmiş

“Sağlam pəhriz hər gün çoxlu meyvə və göyərti qəbulu, gündəlik səhər yeməyindən, tərkibində şəkər, doymuş və trans yağlar, duz olan ərzağın istifadəsini azaltmaqdan ibarətdir”, – DST/Avropanın aralıq dövr proqram meneceri Kremlin Vikramasing deyib.

“İbtidai məktəb yaşlı uşaqların sağlam qidalanması xüsusilə önəmlidir. Həyatın erkən dövründə yaxşı yemək vərdişinin qurulması uşaq piylənməsi və köklüyü risklərini əhəmiyyətli şəkildə azalda bilər”, – DST/Avropanın digər təmsilçisi Karina Ferreira-Borges bildirib.

Uşaqların sağlam böyüməsindən ötrü sağlam qidalanmanın təbliği, qeyri-sağlam ərzaq və içkilərin satışının nizamlanması, şəkərli içkilərə vergi qoyulması və sairə tövsiyə olunur.