Son bir il ərzində COVID-19-dan azı 17 min tibb işçisi vəfat edib. Bu haqda “Amnesty International” hüquq-müdafiə təşkilatının da müəllif olduğu yeni təhlildə söz açılır.
Təhlildə dünyada ön cəbhədə çalışan milyonlarla tibb işçisinə peyvənd vurmağı sürətləndirmək çağırışı yer alıb.
Dünyada vaksinlərə çıxışda qeyri-bərabərlik isə qalmaqdadır. Vaksinlərin yarıdan çoxu cəmi 10 varlı ölkəyə paylanıb. Onlarda dünya əhalisinin 10 faizindən də azı yaşayır. 100-dən çox ölkədə isə bircə adama da vaksin vurulmayıb.
“Dünya üzrə hər 30 dəqiqədə COVID-19-dan bir tibb işçisinin ölməsi həm faciə, həm də ədalətsizlikdir. Bütün dünyada səhiyyə işçiləri adamları COVID-19-dan qorumaq üçün həyatlarını riskə atırlar, amma çoxu qorunmur və ən yüksək bədəli ödəyiblər”, – Amnesty-nin İqtisadi və Sosial Ədalət üzrə başçısı Stiv Kokburn deyib.
Təkcə Cənubi Afrikada ötən il koronavirusdan 492-dən artıq tibb işçisi vəfat edib və hökumət bu yaxınlarda tibb işçilərinin bəzilərinə "Johnson and Johnson” vaksininin sınağı çərçivəsində peyvənd vurmağa başlayıb.
Təhlil müəllifləri vaksinasiyanı sürətləndirməyə, tibb işçilərinin lüzumsuz ölümlərini önləməyə çağırırlar.